Logo

Əvvəl tənqid, sonra təkzib - LDU-da nə baş verir?

14.03.2023 16:58 508 baxış
IMG

Lənkəran Dövlət Universiteti təhsil müəssisəsinin feysbuk səhifəsi ilə bağlı baş verənlərə aydınlıq gətirib.

Tehsil.biz xəbər verir ki, universitet bununla bağlı növbəti dəfə açıqlama yayıb:

"Məlumat üçün bildiririk ki, 14 mart 2023-cü il tarixdə gecə saatlarında LDU-nun rəsmi feysbuk səhifəsində administrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı üzündən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilmişdir.

Həmin yazıda həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilmişdir.

LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil.

Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülmüşdür. Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi feysbuk səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər vüzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib.

Həmçinin universitetin elektron məlumat daşıyıcılarının (veb səhifələrin) administratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib.

LDU-nun elektron məlumat daşıyıcılarının (veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb", - deyə universitetin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində bufetlərin bağlanması barədə məlumat paylaşmış, həmin məlumatda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) sərt tənqid etmişdi. Daha sonra isə LDU yeni açıqlama yayaraq bufetlərin bağlanması ilə bağlı paylaşımın kiberhücum nəticəsində səhifəyə yerləşdirildiyini bildirmişdi.

Xəbər lenti