Vulkanlar uzun müddət susub hərdən-hərdən püskürən kimi, dənizlərin suyu müəyyən dövrdə enib ayrı bir vaxtda qalxan sayaq, sanki xalqların milli hissiyyatının da ara-sıra başqa çağlardakına nisbətən təbii bir ehtiyac kimi qalxması, coşması var. 1950-60-cı illər həm Güney, həm Quzey Azərbaycanda elə həmin oyanma, dirçəlmə dövrlərindən sayıla bilər.
O tayda onillərlə farsca yazıb-yaratmış Məhəmmədhüseyn Şəhriyarın ana dilində "Heydərbabaya salam"ı yaranaraq milyonlarla insanı içəridən necə silkələmişdisə, burada - Sovet Azərbaycanında da milli dil, milli dəyərlərə başqa vaxtlarla müqayisədə artan xüsusi diqqət, bəslənən daha həssas münasibət aşağıdan yuxarıya, sadə adamlardan başlamış aparıcı ziyalılara qədər əksəriyyətdə sezilməkdəydi.
1960-cı illərdə dil mühitimizdə həyatın ən müxtəlif sahələrində mütəmadi üzə çıxan narahatedici məqamlar, xüsusən paytaxt Bakıdakı umulmaz vəziyyət, Azərbaycan dilinin ikincidərəcəliliyə yönəldilməsi siyasəti çoxlarını düşündürsə də, heç də hər kəs səsini qaldırmağa cürət etmirdi. Nə qəzet-jurnallarda bu barədə yazmaq, diskussiyalar açmaq mümkün idi, nə də o çağlar tək olan radio-televiziyada bu haqda söz açmağa imkan vardı. Deyəndə, yazanda da ağrılı həqiqətlər ən yaxşı halda üstörtülü, ezop dili ilə ifadə edilirdi.
1965-ci ilin yazında bir dəstə dəliqanlı gənci "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"ni yaratmağa sövq edən də elə həmin ehtiyac və bir də Azərbaycan insanının içərisində istiqlal duyğularının, azadlıqsevərlik düşüncələrinin növbəti kükrəyişlərinin başlandığı etirazçı havalı yeni dövrün özü idi.
Gizli təşkilatın qurucularından və rəhbərlərindən olan Allahverdi Qurbanovun 1965-ci ildə 25 yaşı vardı, Biləsuvar (ovaxtkı Puşkin) payonunun Qriboyedovka kəndindən idi, Bakı Neft və Kimya Texnikumunun axşam şöbəsinin 3-cü kursunda oxuya-oxuya Leytenant Şmidt adına Maşınqayırma Zavodunda çilingər işləyirdi və həmin zavodun Çapayev küçəsindəki yataqxanasında qalırdı. Komitənin ayrı-ayrı üzvlərinin məşvərətə, məsləhətə toplaşdığı gizli görüş yerlərindən biri elə onun otağı idi.
İlk müzakirələri və mübarizələri Azərbaycan dilinin dövlət dili kimi respublikada geniş və azad tətbiqi ətrafında isə, tədricən məqsədlərinin dairəsi genişlənmişdi, Güney Azərbaycan da, Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil dövlətə çevrilməsi fikri də onların uğrunda çalışdıqları başlıca istiqamətlər arasında yer almışdı.
Gün yetişdi ki, Güney mövzusunun Azərbaycan sovet mətbuatında toxunulmaz həddə çatdırıldığı çağlarda həmin yataqxanadakı balaca otaqda Allahverdi və dostlarının bu haqdakı qızğın, bir qədər də inqilab romantikası qovuşmuş söhbətləri, o dövrdə hətta əlçatmaz sayıla biləcək diləkləri onların artıq ahıllıq vaxtlarında gerçəyə çevrildi.
Çapayev küçəsi dönüb oldu Təbriz küçəsi, Şmidt zavodu da Səttarxan zavoduna çevrildi.
Bunlar baş verəndə, həmin baş verənləri yaxınlaşdıran 1980-1990-cı illərin xalq hərəkatı dönəmində 1965-ci ildəki mübarizlərin təqribən heç biri meydanda deyildi. Ancaq bütün bunlar baş verdisə, arzular həyata qovuşdusa, bunda həmin köhnə dil müdafiəçilərimizin də xidmətinin olması heç vəchlə hesabdan çıxarılmamalıdır. Dama-dama göl olar. Sonrakı seli yaradan həm də Allahverdi və məsləkdaşları kimi igidlərin daha qəliz dövrlərdəki qorxmaz çalışmaları idi.
Tarixin çarxı girdədir. Yenə dolanıb eyni yerdən keçmək məziyyəti də var. Əgər o vaxt Azərbaycanda baş qaldırmış və bir çox yönləriylə antisovet səciyyəli olan bir neçə gizli gənclər təşkilatı sovet ideolojisi və qanunlarının bütün sərtliyiylə cəzalandırılsaydı, alovlu cavanların gözünün odu yerindəcə alınsaydı, onlar uzunmüddətli həbs və sürgünlərə ürcah olsaydılar, hökmən ürkək böyüməyə məhkum kəsilən sonrakı gəncliyin gücü ilə 20-25 il keçincə - 1980-1990-larda həmin ovqatın yeni dirçəlişi də gəlməzdi. Bu ülvi hisslərin boğulması üçün əlində o dövrdə yüksək imkan və səlahiyyətlər cəmlənən, həm də bunu yerinə yetirmək birbaşa vəzifəsi olan Heydər Əliyev tam fərqli mövqe tutdu.
Və tarixin fırlanan təkəri bir özünə bəlli olan hikmət və məntiqlə elə etdi ki, Heydər Əliyevin özü də 20-25 il sonra istiqlalçı ideyaların təzə parlayış dönəmində həmin böyük hərəkatdakılardan birinə çevrildi.
Heç kəs də dünənki bir nömrəli kommunistlərdən olan, sabiq DTK generalı Heydər Əliyevi o qafilədən olan digərləri kimi yad hesab etmədi, özününkü, yaxını kimi qəbul etdi.
Elə ən əvvəl bu Allahverdi Qurbanovun özü ki, "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin həbs olunan vur-tut 2 üzvündən biri idi və həmin hadisələrdə onillər ötəndən sonra Heydər Əliyevi minnətdarlıqla anır, Vətəndən uzaqlarda, Birləşmiş Ştatlardakı Klivlənd xəstəxanasında ürək əməliyyatı edilən o misilsiz şəxsiyyətə ürəkdən gələn, əsl saf hisslərdən doğan və heç bir təmənna güdməyən şeir həsr edirdi (Artıq Heydər Əliyevin həyatda olmadığı çağlarda - 2004-cü ilin mayında həmin şeir Biləsuvarda çıxan yerli "Məhsul" qəzetində dərc ediləcək):
Vətənlə fəxr edən, ellə sevinən,
Xalqının dərdini öz dərdi bilən,
Kimsəsiz cocuğun göz yaşın silən
Qeyrətli rəhbərə dost demək olar.
Bu elin-obanın dadına çatan,
Arxa dayanmağa daim can atan,
Vətəni hər şeydən müqəddəs tutan
Cürətli rəhbərə dost demək olar.
Allahverdi, qeyrət umma namərddən,
O qurtarmaz səni bəladan, dərddən,
Çıxart nakəsləri yaddan, xatirdən,
O böyük Heydərə dost demək olar.
Bu saya sətirləri yazanda Allahverdi artıq altmışına çatmışdı, başqalarından xüsusi heç nəylə seçilməyən sadə rayon adamı idi, Biləsuvarda kolxozda işləyirdi, 11 uşaqlı iri bir ailənin sahibi idi və həyatdan, dünyadan bundan sonra, sən deyən, bir umacağı da yox idi. Qaynar gəncliyinə rəğmən, elə məqalə, şeir yazmaq vərdişini də cavanlığındakı həbsindən sonra qatlayıb qoymuşdu bir qırağa. Bunca uzun müddət ərzində ikicə dəfə olmuşdu ki, qələm götürüb ürək sözlərini yazsın və həmin yazdıqları da mətbuata çıxmışdı.
1990-cı illərin əvvəllərində, işğala uğramış Vətən narahat günlərini yaşayanda elə həmin "Məhsul" qəzetində "Sözüm qeyrətli oğullaradır" deyə xalqa üz tuturdu: "Dövran ağır, üzləşdiyimiz düşmən çox hiyləgərdir. Cəbhədəki müvəqqəti uğursuzluqlar, torpaqlarımızın müəyyən hissəsinin əldən getməsi heç də tam məğlubiyyətimiz deyildir. Azərbaycan oğulları hələ öz sözünü deməyib. Qeyrətli Vətən oğulları yalnız respublika Prezidenti Heydər Əliyevin müraciətindən sonra ayağa qalxıb silaha sarılıblar.
Mənim yaşım az deyil. Həyatın isti-soyuğunu çox görmüşəm. Lakin nikbinliyimi heç vaxt itirməmişəm, həmişə də sabaha ümidlə baxmışam. Bu gün də o fikirdəyəm. Yaxın vaxtlarda olacaq qələbəmizin sevincini indidən duyuram. Oğlanlarım Seyfullanı da, Qurbanı da cəbhəyə ata kimi bu arzuyla yola salmışam".
Böyük qələbəmizin sevincini hamımızla birgə yaşamaq Allahverdi Qurbanova nəsib olmadı, 2015-ci ildə həyatdan getdi.
1965-ci ilin payızındakı həbsindən, DTK təcridxanasındakı çoxsaylı dindirmələrdən sonra 1965-ci il yanvarın 12-də Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyası "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin rəhbərləri Allahverdi Qurbanov və Paşa Abdulrəhimovun məsələsinə baxaraq onların hər birini cəzalarını ümumi rejimli həbsxanada çəkməklə 1 il müddətinə azadlıqdan məhrum etmişdi. Cəzanın çəkilmə müddəti 1965-ci ilin sentyabrından - istintaqın başlandığı gündən hesablanmışdı və hər iki məhbusu da vaxtından tez - 1966-cı ilin 13 iyununda azad etmişdilər. Yəni islah-əmək düşərgəsində qalmaları beşcə ay çəkmişdi. Ancaq o məqamlar ki istintaq gedişində, dindirmələrdə, şahid ifadələrində aşkarlanmışdı, onlar ciddiyyətlə nəzərə alınsaydı, gərək həbs olunanlara elan edilmiş 67-ci maddənin yuxarı həddiylə cəza müəyyənləşdirməkdən savayı, buna başqa ağır maddələri də qoşaydılar.
Etməmişdilər və bunun da səbəbkarı Heydər Əliyev olmuşdu.
Çünki aparılmış istintaqdan sonra tərtib edilmiş təqsirnamə elə kəskin məqamları əhatə edirdi ki, o vaxt DTK sədri vəzifəsini icra edən Heydər Əliyevin şəxsi münasibəti və təsiri olmasaydı, məhbusların aqibətinin daha ağır sonluqla nəticələnəcəyi labüd idi.
İllər sonra həmin ani görüş barədə Allahverdi ailə üzvlərinə həmişəlik yadda saxlamaları və haqqı unutmamaları üçün söyləmişdi.
...Onu gətirmişdilər Heydər Əliyevin kabinetinə.
Polkovnik qayıtmışdı ki, nə etmisiniz, nələri etmək istəyirmişsiz, hamısını bilirik. Başqa vaxtlar olsaydı, həbsxanada çürüyərdiniz. Sizin məsələni artıq Moskvada da bilirlər. Ancaq sizi Moskvaya verməyəcəyəm. Sizi böyüdən valideynlərinizin əməyini itirməyin, onlara dərd olmayın, dərsinizi oxuyun, təhsilinizi alın, cəmiyyət üçün xeyirli işlər görün.
Allahverdi balalarına söyləyirmiş ki, mən o vaxt bilmirdim bu sözləri deyən Heydər Əliyevdir.
O vaxt mən subay idim və demək, sizin heç biriniz də yox idiniz. O kişi mənimlə bir aydan bəri təxminən hər gün davam edən dindirmələrdən sonra o təhər danışanda başa düşdüm ki, qapım açılır. O görüş olmasaydı, o kişinin o yaxşılığı olmasaydı, Allah bilir, indi nə mən vardım, nə də siz.
...Allahverdi qayıtdı gəldi və daha heç vaxt siyasətə qarışmadı, yarımçıq qırılmış təhsilini tamamladı, Biləsuvardakı Səməd Vurğun adına kolxozda işlədi, hətta 1980-ci illərin sonlarında onun inqilabçı keçmişindən xəbərdar olan Əbülfəz Elçibəy xəbər göndərəndə ki, sən də gəl bizə qoşul, razılıq vermədi.
Amma hər halda həbsdən çıxdığı dövrdən ömrünün sonunacan - aşağı-yuxarı 50 illik müddətdə ictimaiyyət gözünə ikicə dəfə qələmiylə, sözüylə köhnə Allahverdi kimi göründü.
Vətən təhlükədə olanda, bir də xilaskarı Heydər Əliyevin həyatı təhlükəylə qarşılaşanda - öndər ürək əməliyyatına girəndə...
..."Azərbaycan Milli Dili Müdafiə Komitəsi" son ittiham sənədlərində 12 göstərilsə də, çoxsaylı fərdi, iki-bir, üç-bir görüşlər nəzərə alınmazsa, əslində 15 gizli yığıncaq keçirməyə müvəffəq olmuşdu.
Gizli təşkilatın iki əsas rəhbərindən biri Allahverdi Qurbanov həmin yığıncaqlarda nə deyirdi və niyə onun söylədikləri təşkilata cəlb edilmişlərə cazibəli gəlirdi?
Deyirdi ki, biz hər vasitə ilə çalışmalıyıq ki, Azərbaycan dili dövlət dilimiz olsun. Belə olarsa, kənddən gələn ata-analarımız, bacı-qardaşlarımız idarə və təşkilatlarda, mağazalarda heç bir çətinlik çəkmədən ürəkləri istədiyi kimi danışa bilərlər. Deyirdi ki, biz rus dilini öyrəndiyimiz kimi, qoy bu respublikada yaşayan digər xalqlar da Azərbaycan dilini öyrənsinlər, öyrənmək istəmirlərsə, gedə bilərlər (Onun bu sözlərini quyusunu dərin qazmaqçün belə yozmaq cəhdləri də olacaq ki, guya digər xalqları respublikadan çıxarmağa çağırırmış). Deyirdi ki, ruslar və ermənilər respublikada daha artıq üstünlüyə malikdirlər, azərbaycanlılarısa sıxışdırırlar, texnikum qurtarmış, ya elə ali təhsilli, rusca yaxşı bilməyən azərbaycanlıya verilməyən bir iş-vəzifə orta təhsilli, amma rusca bilən erməniyə əlüstü tapşırılır. Deyirdi ki, Azərbaycanda ruslaşdırma siyasəti aparılır və bunun qorxulu gələcəyi var. Çünki Bakıya, Sumqayıta, Mingəçevirə birucdan xeyli miqdarda rus qızları göndərilir və məqsəd də budur ki, onlar azərbaycanlı oğlanlarla ailə qursunlar, yavaş-yavaş millət qarışsın.
...Allahverdi 1965-ci il noyabrın 7-də Sovet İttifaqının baş bayramı sayılan Oktyabr inqilabının ildönümü günündə keçiriləcək bayram nümayişinədək gizli təşkilatın üzvlərinin sayını 500-600 nəfərə çatdırmaq vəzifəsini qoyubmuş və bu səmtdə də bütün üzvlər bərk çalışırmışlar.
Həmin nümayiş vaxtı daha nələri etməli olduqları haqda Allahverdi Qurbanovun təklif etdiyi və bir çox üzvlərin də dəstəklədiyi bir para təkliflər vardı ki, bunları dindirmələr əsnasında "Azərbaycan Milli Dili Müdafiə Komitəsi" üzvlərinin neçəsi etiraf etmişdi.
Heydər Əliyev təqsirnamədə əksini tapmış həmin müddəaların son protokollara düşməməsini tabeçiliyində olan müstəntiqlərə tövsiyə etməklə nəhayətdə həm həbslərin çoxsaylı olmayıb 2 nəfərlə məhdudlaşmasına, həm də həbs cəzası verilənlərin əməllərinin ağırlaşdırıcı hallardan təmizlənməsinə müvəffəq olmuşdu.
Allahverdi təklif etmişdi ki, 7 noyabrda Azərbaycan dilinin dövlət dili olması haqda çağırışlarımızı hökumət qulaqardına vursa, gərək biz radionu ələ keçirək.
Hətta radionu tutandan sonra nə etməli olduqlarını da söyləyibmiş: "İstirahət günü radioda muğamat konserti verilir və saat 2-dən 3-dək hamı radioya qalaq asır. Biz də həmin saatda radionu ələ keçirərək xalqa müraciət etməliyik. Nə deyəcəklərinin arasında bu da varmış ki, Şimali və Cənubi Azərbaycanı birləşməyə çağırsınlar".
Komitə üzvlərindən biri radionu ələ keçirmək təklifinə şübhə ilə yanaşaraq oranın mühafizə olunduğunu söyləyəndə, hücum etsək, bizə atəş açıla bilər etirazını bildirəndə Allahverdi demişdi ki, ona görə də çox olmalıyıq. Sayımız nə qədər artsa, bizə atəş açmağa bir o qədər çəkinərlər. Digər tərəfdən, bunu da təklif etmişdi ki, həm də silahlanaq ki, bizə hücum etsələr, özümüzü müdafiə edə bilək.
Bu ideyanı da irəli sürmüşdü ki, sıralarımıza qəbul edilənlərdən müfəssəl tərcümeyi-hal istəyək ki, aramızdakı idmançıları, hərbçiləri seçib ayıra, onlardan gələcək üçün xüsusi mühafizə dəstələri düzəldə bilək.
...Mən KQB arxivlərində 1930-cu illərdəki xeyli siyasi repressiya qurbanının cinayət işlərini vərəqləmişəm. Bu məqamlardan bircəsi barədə həmin işlərdə işartı olsaydı belə, bir az da şişirdərək ittiham olunanı çox ləngitmədən güllələrdilər.
Milli dil mübarizlərinin belə dəlisov və şairanə deyişlərinə bir çekistdən daha artıq ağsaqqalcasına, valideyncəsinə yanaşaraq o vaxt cavan olmasına baxmayaraq, artıq yetərincə müdrik Heydər Əliyev həmkarlarına belə deyişləri hələ uşaqlığından ayrılmamış gənclərin hərəkətə çevrilməyən quruca sözü kimi qəbul etməyi, məsələni qəlizləşdirməməyi məsləhət bilmişdi.
O dindirmələr ki 1965-ci ilin yayında "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin üzvləri ilə aparılırdı, o şahid ifadələri ki sözbəsöz həmin günlərin həyəcanlı mənzərəsini yaradır, bir başqa diqqətəlayiq cəhəti də əyan edir ki, həmin vaxt Azərbaycanda yeni azad düşüncə oyanışının başlanmasının da, elə gizli təşkilat kimi digər birliklərin yaranmasının da əsas təkan nöqtəsi ədəbiyyat olub.
...Komitə üzvü Əliş Mahmudov danışırdı, Mirzə İbrahimovun 1957-ci ildə çıxmış "Azərbaycan dili" adlı kitabından bəhs edirdi, buradakı məqalələri öz yığıncaqlarında oxuyub müzakirə etdiklərini deyirdi. Şəxsən özünün apardığı təbliğat işlərində Mirzə İbrahimovun 1956-cı ilin sentyabrında yazdığı "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsini əsas götürdüyünü etiraf edirdi.
Nə yazırdı Mirzə İbrahimov? Püxtə, dünyagörmüş Mirzə İbrahimov nəyi necə deməyin üsullarından yaxşı agahdı, ona görə də elə yazmışdı ki, bu uşaqların dilə gətirib məsuliyyətə cəlb olunduqları fikirlər onun təqdimində hətta senzura - mətbuatda dövlət sirlərini qoruyan idarəyə belə əcaib görünməmişdi, məqalə qəzetdə də dərc edilmişdi, kitabda da çıxmışdı.
Mirzə İbrahimov belə yazırdı və əslində dillə bağlı bu mübariz gənclərin hayqırdıqları da təxminən eyni məzmunlu idi: "Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır. Belə bürokratlarla mübarizə bütün partiya və sovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya və ictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər. Bəziləri də idarənin "xüsusiyyətini" bəhanə gətirirlər. Məsələn, deyirlər ki, guya Maliyyə Nazirliyində Azərbaycan dilini işlətmək çətindir.
Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz hüququdur!"
Vladimir Leninə istinad edə-edə, bu cür diplomatik yaza-yaza Mirzə İbrahimov dillə bağlı mübarizələrinə görə nə qədər incidilmişdi. Onda da qalmış düşüncələrini daha çılpaq, daha siyasətsiz və mövcud siyasət baxımından da kifayət qədər siyasətəəks şəkildə çatdıran gənclər ola!
...Bu gənclər Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı mütaliə edirmişlər, Balaş Azəroğlunu, İsmayıl Cəfərpuru, Söhrab Tahiri oxuyurmuşlar, Pənahi Makulunun "Gizli zindan"ını bir-birlərinə ötürürmüşlər.
Ədəbiyyatın onların düşüncəsində təsiri çox qüvvətliymiş və elə ədəbiyyatçılar arasında özlərinə dayaq, lider də arayırmışlar. Allahverdi Qurbanov çox sonralar öz ailə üzvlərinə bu sirri də açıbmış ki, biz bir neçə dəfə Mirzə İbrahimovla görüşə, onunla fikir mübadilələri aparmağa cəhd etmişdik.
Unudulmaz Bəxtiyar Vahabzadə özü mənə həm bu, həm də bir neçə başqa gizli təşkilatın, eləcə də universitetin içərisində yaranmağa başlayan bir neçə ayıq düşüncəli qrupun təmsilçilərinin, millətpərvər baxışlı, bir qədər də sosialist məfkurəsi ilə tən gəlməyən etirazçı təfəkkürlü gənclərin ona əməkdaşlıq istəyi ilə yaxınlaşdıqlarını söyləmişdi.
"Gülüstan" poemasından sonra Bəxtiyar Vahabzadə nəzarət altında olanlardan, taleyi tükdən asılılardan idi. Bunu da özü danışırdı ki, Heydər Əliyevin şəxsi qayğıkeş münasibəti, müdam ona dayaq durması olmasaydı, bəlkə də DTK onu o dövrdə girdabına çəkərdi.
Bəxtiyar Vahabzadədən də, onun kimi digər görkəmli ədiblərimizdən də kimlərin nələri yazdığını hamıdan yaxşı Heydər Əliyev bilirdi, çünki əsas süzgəc DTK idi. Və bu da ədəbiyyatımızın xoş bəxtindən idi ki, məhz o oradaydı.
Bəxtiyar müəllim bunu da söyləyirdi ki, Heydər Əliyev günlərin birində, görünür ki, mənə həmin örtülü xəbis hücumlardan birdəfəlik qurtarmaqçün təklif etdi ki, Lenin haqda bir poema yaz. Dedim, axı mən hara, bu mövzu hara, çətin olar. Heydər Əliyev də necə yazmağın yolunu nişan verdi. Dedi ki, onsuz da Leninin sənin haqqında yazdığın istənilən məsələ ilə əlaqədar ən dəqiq və ən tənqidi fikirləri var. Həmin fikirlərdən iqtibas elə, ardınca da necə istəyirsən yaz, hansı fəlsəfəni lazım bilirsən, qoy ortaya.
Gerçəkdən də, Bəxtiyar Vahabzadə bu mövzuda "Leninlə söhbət" adlı poemasını yazdı, qəlbindən keçən ən incə və eyni zamanda ən ötkəm vətənçi düşüncələrini də orada ifadə elədi. Həmin poemanın hər bölməsinin yuxarısında verilən sitatlar olmasa, bu əsəri nə yollasa Leninlə bağlamaq müşkül olardı.
Heydər Əliyev sonralar dilimiz haqqında sevgi ilə danışanda, əlbəttə, bu gün belə ucalışlara çatmış azərbaycancanın hansı yarğanlar və uçurumlar adlamasından da hadisələrin astarına bələd olan bir insan kimi agah idi və vicdanı qarşısında da rahat idi ki, ən qarışıq, mürəkkəb zamanlarda bu yolda əziyyət çəkənləri, fədakarlıq göstərənləri imkanı çatdığı qədər qoruya bilmişdi.
Bəxtiyar Vahabzadə qədim ölü dil haqqında yazdığı və altında da guya həmin mövzunun ağlına burada deyil, qərib Kasablankada gəldiyini qeyd etdiyi şeirində əslində göz qabağında canı alınmağa cəhd edilən öz dilimizdən bəhs edirdi və bunu oxuyan hər kəsin duyduğu kimi, dövlət də anlayırdı.
Latın dili! -
Millət ölüb, dil yaşayır.
"Ana" deyən, "torpaq" deyən,
"Vətən" deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhədindən o yana da
Qoşar bu dil.
...Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
(Və məhz bu və bu qəbil şeirləriylə bağlı Bəxtiyar Vahabzadə haqqında bir çox hallarda elə bolşevik sayıqlıqlı öz şair-yazıçı yoldaşları donoslar yazaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərirdilər, onlar da açıq-gizli imzalı həmin məktubları Dövlət Təhlükəsizlik Komitəsinə yollayırdılar və sədr Heydər Əliyevin 1969-cu il yanvarıın 6-da respublika rəhbəri Vəli Axundova ünvanladığı belə bir məktub da qalır ki, şairin 1968-ci ildə "Gənclik" nəşriyyatında İlyas Tapdığın redaktorluğu ilə buraxılmış "Köklər, budaqlar" kitabında gedən bir sıra şeirlərlə, o sıradan həmin "Latın dili"ylə bağlı Birinci katibin tapşırığına əsasən Cəfər Cəfərov Bəxtiyar Vahabzadə ilə xəbərdarlıqedici söhbət aparmışdır).
Yəni o çağlar cızığından azacıq olsa belə qırağa çıxmış görünən şəxsi çalışdığı idarədəmi, üzvü olduğu yaradıcılıq ittifaqındamı, ya təhlükəsizlik xətti ilə söhbətə dəvət edir, "ağıllandırırmışlar".
Başqa sözlə, dillə bağlı hətta ən sətiraltı etiraz təşəbbüsləri belə dövlətin nəzərində saxlanılırdı və ona görə də bu istiqamətdə hansısa irəliləyiş arzulayan insanların bütün bunları əski inqilabçılar kimi xəlvəti həyata keçirməkdən savayı çıxış yolu da yox idi.
Ana dilimizin rəsmi kürsülərdən səslənmə imkanlarının məhdudlaşdırılması Rəsul Rzanın o çağlar ürəkdən tikan çıxararaq əl-əl gəzən məşhur şeirində də əksini tapmışdı. İclaslarda edilən çıxışları sözbəsöz kağıza alan rusdilli stenoqrafistlər (şairin özünün sözüylə, "iti yazan qızlar") dayanmadan işləməyə məcbur olsa da, Azərbaycan dilində yazmalı olan xanım bekar dayanıb. Şair sadəcə fəlsəfəsiylə qüssəli olan mənzərəni cızırdı, bunun adının nə olduğunu soruşurdu, amma lap soruşmasa da, məntiq, əlbəttə ki, hər kəsə aydın idi:
Natiqlər qalxdı kürsüyə,
Natiqlər düşdü kürsüdən.
Qızlardan ikisi
yazdı, yazdı, yazdı.
Biri gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu, rüsvayçılıq deyil,
bəs nədir?
Yazıçı Anarın mənə söylədiyi, atası Rəsul Rzanın bu şeirlə bağlı ona danışdığı əhvalat da bir daha sübut edir ki, oyaq düşüncəni ifadə edən, içərisində etirazçılıq duyulan istənilən yazı barədə xəbər ən yuxarılara canına yel dəymədən çatdırılırmış. Deyir, 1967-ci ildə hansısa iclasda Rəsul Rza da rəyasət heyətindəymiş, həmişəki kimi, rus dilində çıxışlar bir-birini əvəz edirmiş və Birinci katib Vəli Axundov ondan arxadakı cərgədə əyləşmiş Rəsul Rzaya sarı qanrılaraq pıçıldayır: "Sizin iti yazan qızlar məsələsidir".
Rəsul Rza danışırmış ki, mən həmin şeiri yanvarın sonlarında yazmışdım, çap olunmasından lap az keçirdi, təəccübləndim ki, belə bir şeirin olduğunu rəhbərliyə nə tez çatdırıblar.
Uzun sözün qısası, dil elə həssas sahəymiş ki, hər təzə tərpəniş hökmən yuxarıların qeydiyyatına düşürmüş.
...Dil mübarizlərinin arasındakı şeir yazanlardan biri də 21 yaşlı, Ağdam rayonunun Şıxbaba kəndindən olan, Şmidt zavodunda fəhlə işləyən, eyni zamanda Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunun ikinci kursunda təhsil alan Əliş Mahmudov idi. Axtarış əsnasında onun 2 şeirini də millətçi ideyaların ifadəsi sayaraq əşyayi-dəlil kimi götürmüş, qovluqdakı sənədlərə əlavə etmişdilər: "Mənim ürəyimi bölən kim oldu?" və "Bir söhbətə qulaq asdım" .
Təbii ki, onunla dindirmələrdə söhbət ədəbiyyat üzərinə gəlməli idi.
1965-ci il, sentyabrın 6-sı. Müstəntiq uzaqdan başlayır, şeirlərə çatanacan bir açıqcanı qoyur masanın üstünə və soruşur ki, bu, sizə tanışdırmı?
Əliş də nə deyəsidir, söhbətin hansı tərəfə meyllənəcəyini artıq anlayıb, başa düşür ki, gizlədiləsi bir şey yoxdur, açıq danışmaq lazımdır və danışır da. Deyir ki, bu "otkrıtka"nı mən xalamgildə gördüm, onlara da xalamın ərinin İranda yaşayan qohumları göndərmişdilər. Xoşum gəldi, götürdüm, sonra da Allahverdi bunu məndə görüb istədi, mən də "yox" deyə bilmədim. Bu "otkrıtka"nın üstündə 2 ürək, 5 gül şəkli var. Montindəki bağda komitəmizin növbəti yığıncağında Allahverdi bu şəkli yuxarı qaldıraraq dedi: "Yaxşı baxın, bu "otkrıtka" İranda istehsal edilib. İkiyə bölünmüş ürək ikiyə parçalanmış Azərbaycanın rəmzidir". Əlavə etdi ki, bu 2 parça mütləq birləşəcək. Mən əlimdə birlik, vahid Azərbaycan bayrağı Təbrizə qədər gedəcəyəm. Bu yolda ölsəm də, həmin bayrağı Bakıda qaldırıb, Təbrizə qədər aparacağam". Cənubi Azərbaycandan danışanda, dilimizin gələcək taleyindən bəhs edəndə Allahverdi bizim hamımızı ruhlandırırdı, deyirdi ki, ola bilsin, hətta biz bu mübarizə yolunda ölək, ancaq qorxmaq lazım deyil, 20 ildən sonra xalq bizi yad edəcəkdir.
Müstəntiq şeirlərdən söz açır, onların hansı mövzulara həsr edildiyini xəbər alır. Əliş də sadədilliklə qayıdır ki, hər ikisi Cənubi Azərbaycanla bağlıdır, oradakı qardaşlarımıza azadlıq arzularımı ifadə edir. Cavab müstəntiqi təmin etmir. Deyir, axı bu ikinci şeirdə sizin təsvir etdiyiniz obrazlar var - dombagöz, gödəkçənə və sarısifətlər. Yazırsınız ki, mən bir gəlmə gədəyə qulaq asdım, o, 150 ildir bizi soyur. Aydındır ki, bu yaxınlarda Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi keçiriləcək. Siz də "Bir söhbətə qulaq asdım" şeirinizi bu mövzuya həsr etmisiniz.
Nə illah eləyirsə ki, bu şeirim də Cənub mövzusundadır, sözü keçmir. Çünki mətləb göz qabağında idi və müstəntiq də çörəyi qulağına yemirdi.
Müstəntiq bunu da soruşur ki, axı siz niyə iclaslarını gizli keçirirdiniz? Əliş cavab verir ki, bizim təşkilatın üzvlərindən olan, Xarici Dillər İnstitutunda oxuyan İsrafil İbadov elə işlərimizi təzə başlayanda dedi ki, hələ 1957-ci ildə oxşar fəaliyyətə görə tutulubmuş. Ona görə təkid edirdi ki, elə işləməliyik, heç kim bilməsin. Hər görüşümüzdə bizi ehtiyatlı davranmağa çağırırdı.
...Sonralar bu dəstədəkilərin işini daha da ağırlaşdırmamaq üçün bir qədər arxa plana atılan, artıq son mühakimələr edilərkən ümumən yada salınmayan bir məqam da vardı. Əksər üzvlər kimi, həmin zavodda işləyib, həmin yataqxanada da yaşayan Müsafir Muradov şriftlər tapıb gətiribmiş ki, vərəqələr hazırlayıb çap edə bilsinlər.
Orası da diqqətçəkəndir ki, dil mübarizlərinin hər biri heç bu barədə məxsusi olaraq düşünmədən dili qorumağın, yaşatmağın, inkişaf etdirməyin bir səmti üzrə daha çox fəallıq göstərirmiş. Həmid Abdullayev gizli yığıncaqlarda ən ardıcıl iştirak edənlərdən olmaqdan özgə, həm də hər toplantıda çıxış da edirmiş. Hər dəfə də mövzusu dilin təmizliyi məsələsi olurmuş. Dilimizin yad sözlərlə bulaşdırılması, gündəlik danışığımızın gəlmə alaq sözlərlə doldurulması onun əsas tənqid hədəfiymiş.
Həmin Şmidt zavodunda işləyərək elə həmin yataqxanada qalan Polad Hümbətovun yığıncaqlardakı hər çıxışı komitə üzvlərinə çox yer edirmiş. Polad əslən Ermənistandanmış və dillə bağlı fikirlərini söyləyəndə adətən müqayisələr aparır, oradakı vəziyyətdən nümunələr gətirirmiş. Deyirmiş ki, Ermənistanda bütün işləri öz dillərində aparırlar. Hətta xatırlayır ki, mən əsgərlikdən gələndə rus dilində yazdığım ərizəni erməni qız qəbul etmədi, odur ki, məcburiyyət qarşısında qalaraq ərizəni erməni dilində bir başqasına yazdırmalı oldum.
...Sovet dönəmində adətən böyük fəhlə yataqxanalarında "tərbiyəçi" deyilən bir vəzifə də vardı və təbii ki, Şmidt zavodunda da olmamış deyildi. Onların vəzifəsi yataqxanada ümumi mənəvi-siyasi duruma nəzarət etməklə yanaşı, həm də vaxtaşırı mədəni tədbirlər təşkil etmək idi. 1965-ci il oktyabrın 8-də Şmidt zavodu yataqxanasının tərbiyəçisi - Əsəd Quliyevi danışdırarkən müstəntiqi maraqlandıran əsas sual bu idi: Sizin keçirdiyiniz tərbirlərə "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin üzvləri də qatılırdılarmı və gəlirdilərsə, özlərini necə aparırdlar, dil məsələlərini burada da qaldırmağa çalışırdılarmı?
Əsəd deyir ki, biz iyulun ortalarında Xalq artisti Atamoğlan Rzayevi yataqxanaya görüşə dəvət etmişdik. Çıxış etdi, hamı da bəyəndi, sonra tamaşaçılar başladılar sual verməyə. Cavablarından birində hansı məsələyləsə bağlı dedi ki, həmin mövzuda dünən "Baku" qəzetində məqalə çıxıb, oxusanız, sizə çox mətləblər aydın olar.
O belə deyəndə Əliş qalxdı ayağa, dilləndi ki, sizcə, niyə Azərbaycan dilində olan qəzetlərin sayı bu qədər azdır? Həm də tirajları böyük deyil? Gedirik köşklərə, rusca qəzet nə qədər istəyirsən, azərbaycanca yox.
Yəni bu cavanlar Azərbaycan dilinin hüquqlarını qorumaq məsələlərinə elə aludə olmuşdular ki, olduqları istənilən auditoriyada belə söhbətləri açırmışlar: Şmidt zavodunun sexlərində, zavod yataqxanasındakı otaqlarda, oxuduqları müxtəlif təhsil müəssisələrində, arada macal düşəndə, öz rayonlarına yolları düşəndə orada. Elə Allahverdi Qurbanovu bir də ona görə ittiham eləyirdilər ki, bir neçə günlüyə Biləsuvara gedibmiş, orada çalışıb ki, bir həmkəndlisini tovlayıb öz komitəsinə üzv yazdırsın.
Bu mübarizə artıq onların həyatının bir parçasına çevrilibmiş, ömürlərinə əlavə rəng qatıbmış, gündəlik iş-güclərinə xüsusi məna gətiribmiş və günlərin birində onları bundan məhrum edib hamısını çəkirlər adı ağır DTK-ya.
...Onların pırtlaşıq dövrlərdə dilə məhəbbət, millətə sayğı, Vətənə sədaqətlə gördükləri işləri bir sərgüzəşt dolu serial kimi gözlərim önündən keçirirkən Güney Azərbaycanı da düşünürəm, dilimizin oradakı taleyi haqqında da fikrə dalıram.
Bu cavanların mübarizəsinin bir qanadı da elə Güneylə bağlıymış.
Bu kədərli hiss də içimdən keçir ki, bir ovuc cavan sovet imperiyası daxilində qarşılaşa biləcəkləri heç bir müsibətə məhəl qoymadan qətiyyətlə dilimiz uğrunda belə mərdanəliklə mübarizə apardıqları halda niyə Güney Azərbaycanda həmişə buradakı soydaşlarından, eləcə də İranda sakin (başda farslar olmaqla) digər xalqların hamısından sayca çox olsalar da, onlar da haçansa elə belə bir ana dilini müdafiə təşkilatı yaradaraq heç olmazsa öz dillərində ibtidai təhsil almaqçün nəyəsə nail olmaq xatirinə hərəkət etməyiblər?
...O gənclər 1965-ci ilin bir neçə ayı içərisində sonra izi və xatirəsi ömürlərində həmişəlik qalacaq savab bir iş gördülər.
O vaxt bu cavanların məhz savab iş gördüklərinə inandığından, bu əqidə və düşüncə sahiblərinin Vətənə yaxşı övladlar olacağına ümid bəslədiyindən həmin vaxt digər savab işi də unudulmaz Heydər Əliyev gördü. Aldı onları qanadı altına. Onları elə qorudu ki, hətta o gənclərin həbs olunanları belə onillər sonra da onu xilaskarları kimi xatırladılar.
Bu, dilin, bu böyük millət ruhunun hökmüdür. Sən onunçün yaxşı olan nəsə edirsənsə, o da həmin yaxşılığı sənə qaytarmağın yolunu da, vasitəsini də həmişə tapır.
...İndi xeyli uzaqda qalmış 1965-ci ildə Azərbaycan sevdalı, milləti daha azad görmək istəyən, ancaq imkanları ilə güclərinin nisbətini düzgün hesablamamış, ən əvvəl də sanki sərt gerçəkliyi unudubmuş kimi böyük nəhənglə mübarizəyə qalxmaq eşqinə düşmüş bir dəstə çılğın gənclə bağlı açılmış çoxcildli cinayət işinin arasındakı zərflərdə bir vərəqlik əlyazma da qalır. Paşa Abdulrəhimovun öz xətti ilə "Cığırlar" adlı şeiri. İlk baxışda sanki məhəbbət şeiridir. Ancaq diqqətlə baxınca misralar ardında başqa mənalar da sayrışır və istintaqı aparan çekistər də elə o sətiraltı işarələri duyduqlarından bu bir vərəqi də əlavə dəlil kimi cinayət işinə qoşmağı lazımlı sayıblar. Bəlkə də bu əlyazmanı, bu şeiri başlarına bəla gələndən, həbsə düşəndən sonrakı illərdən sonra Paşa özü də unudub. Beləcə, bir gəncin ürəkaçması və sabahlara ümidlərinin əks olunduğu şeir sanki yox olub, itib-batıb. Ancaq o şeir də təzədən diriltmək və misralarında yaşatdığı hisslərin hamıya çatması üçün günlərin birində qarşıma çıxmalıymış.
Cığırlar, ot basmış köhnə cığırlar,
Gənclik illərindən qalıb yadigar.
Başı qarlı dağlar, axan bulaqlar
Sizə sirdaş idik bir mən, bir də yar.
Bir bələdçi kimi bizi bir zaman
Apardın şərəfli böyük məqsədə,
Deyirdik çatdırar bu cığır bizi
Çox uzaq görünən bir səadətə.
Yox, yox, itməmişdir o ilkin izlər,
İçdik məhəbbətin ilk şərbətini.
Yaddan çıxmaz heç vaxt gizli görüşlər,
Daddıq biz həyatın xoş nemətini.
Cığırlar, ot basmış doğma cığırlar,
Biz köçüb getsək də, siz ki qalarsız.
Gün gələr, qəhrəman ana yurduma
Heç olmazsa bizi xatırladarsız.
Bu vərəq, bu vərəqdəki şeir o fədakar cavanların illərcə kirimişcə qalan köhnə arzusunu hamıya çatdırmaqçün dünəndən sıyrılaraq bugünə gəlib. O şeirdən gələn səs "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nə qoşulmuş gənclərin hamısının səsidir, bu şeirdən günlərimizə baş alan cığır bizi onlarla canlı olaraq görüşdürən körpüdür. O səsi cavabsız qoymaqmı olar, o cığırdan keçməməkmi olar?!
Sizi ehtiramla xatırlayırıq, səmimi istəklərinizi, çəkdiyiniz əməkləri, cəsarətli niyyətlərinizi məhəbbətlə anırıq, hətta çoxunuzun yarıtələbə-yarıfəhlə ola-ola kasıb cibindən millət adına görülən iş üçün hər ay boğazından kəsərək ayırdığı, qanan nəzərində milyonlarca dəyəri olan manatları da yaddan çıxarmırıq.
El üçün ağlayanların gözlərinin yaşını silənlər də, o gözlərdən şəfqətlə öpənlər də həmişə olacaq.
Heç unudularsınızmı?
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik