Logo

Qüvvət elmdədir... - FOTO

27.03.2023 15:31 340 baxış
IMG

Ölkənin gələcəkdə inkişaf etmiş iqtisadiyyata sahib olması və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün həm dövlətin uyğun intellektual potensialı, həm də onun iqtisadiyyatında bu potensialdan istifadə etmək təcrübəsi olmalıdır.

Hər bir müasir dövlətin həyat səviyyəsi onun elmi və inrtellektual potensialı ilə ölçülür. Ölkənin perspektivləri onun elminin perspektivindən asılıdır. İyirmi birinci yüzillikdə yalnız yüksək elmi potensiala və elmtutumlu texnologiyalara malik dövlətlər öz xalqları üçün xoşbəxt və firavan  həyat tərzi təmin etmək imkanına malik olacaqlar.

Təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliliyinin başlıca şərtlərindəndir. Ölkələr yalnız xidmət sahələri və istehsal etdikləri məhsullarla yox, həmçinin ictimai dəyərləri, elm və təhsil sistemləri ilə də rəqabət aparırlar.

Müasir dünyada rəqabətdavamlı olmaq üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə deyil, intellektual potensiallarına güvənirlər. Sürətli dəyişikliklərin getdiyi hazırki rəqəmsal mühitdə hər bir ölkənin, cəmiyyətin yüksək elmi səviyyəli, təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə ciddi ehtiyacı yaranmışdır. Müasir dünya informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.

Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olmuşdur və hazırda uğurla davam edir. Ölkəmizdə müstəqillik illərində də elmin, o cümlədən fundamental elmlərin müxtəlif sahlərinin inkişafı və müasirləşmə vəziyyətinə çatması  üçün xeyli işlər görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə Ümumdünya İnformasiya Cəmiyyəti Sammitində “Biz qara qızıl kapitalını insan kapitalına çevirəcəyik!” bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və davamlı inkişaf edir. Elm sahələrinin inkişafında, elmə söykənən iqtisadiyyatın formalaşmasında intellektual potensialın mühüm rolu danılmazdır.

“Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq reallaşdırılmalı beş əsas məsələdən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdır. Qeyd etmək yerinə düşər ki, inkişaf etmiş ölkələrin büdcəsində təbii ehtiyatlardan gəlirlərin payı 10 faizdən azdır. Ölkəmizin büdcəsinin təbii ehtiyatlardan asılılığı faktı təbii ehtiyatlardan az asılılığı təmin edən elmtutumlu texnologiyaların kifayət qədər olmadığının göstəricisidir. Məhz bu şəraitdə elm və təhsil sisteminin inkişafının əhəmiyyəti bir daha aydın görünür.

  ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltin “Amerika Birləşməş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var” fikrinin şərhinə, hesab edirəm ki, ehtiyac yoxdur.

  Azərbaycan Respublikası Prezidentinin Elm Gününün təsis edilməsi haqqında Sərəncamı cəmiyyətin inkişafında elmin vacibliyinin dərk edilməsi və elmin, xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə Başçısının ötən ilin ortalarında  imzaladığı Fərmanla Respublikada elmin və təhsilin inteqrativ üzvi inkişafını daha da sürətləndirmək və bu sahədə optimal idarəetməni təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması da Azərbaycanda elmi fəaliyyətin, praktik elm və təhsilin inkişafının yeni mərhələsinin başlanğıcı, dövlətin elmin inkişafına yüksək diqqəti kimi qiymətləndirilməlidir.

Elm və təhsil ictimaiyyətini 27 Mart - Elm Günü münasibətilə təbrik edir, ölkəmizin  elm strategiyasının həyata keçirilməsində uğurlar diləyirəm!

Professor Asəf Zamanov
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim

Xəbər lenti