Logo

120 yaşlı "şərqi-rus"

30.03.2023 17:14 429 baxış
IMG

Düz 120 il bundan əvvəl 1903-cü ildə, martın 30-da Tiflisdə Azərbaycan dilində “Şərqi-rus” adlı bir qəzet işıq üzü gördü. “Həmd olsun biz də sağıq deyə” meydana gələn “Şərqi-rus”çuların o gün yaşadığı sevinci, həyacanı bu gün təsəvvür etmək, canlandırmaq təbii çox çətindir. İlkləri ilə yüzilliklər boyu yadda qalan, 20-ci yüzilliyin ilk anadilli və gündəlik qəzeti olan, Qərb standartları ilə çap edilən “Şərqi-rus” çox çətinliklər bahasına zühur oldu. 

Görkəmli jurnalist, publisist, ictimai xadim Məhəmməd ağa Şahtaxtlı qəzet açmaq üçün dəfələrlə hökumətə müraciət etsə də hər zaman “yox” cavabı alıb. Lakin bu yoxlar onu inadından döndərə bilməyib. Belə müraciətlərdən birində xalqının təhqir edilməsi Məhəmməd ağanı “öldü var, döndü yox” prinsipinə vadar edir. 

Belə ki, M.Şahtaxtlı Peterburq Baş Mətbuat İdarəsinə növbəti dəfə müraciət edərkən təkidlə idarənin rəisi Solovyovla görüşür. İllər sonra Məhəmməd ağa bu görüş haqqında yazırdı: “Cənab, şovinist, velikorus Solovyovla qısa söhbətim bugünkü kimi yadımdadır. O dedi:

– Tatar dilində qəzetə heç cür icazə verə bilmərəm. İstəyirsinizsə, rusca çıxarmağa icazə verim. Qoy tatarlar sizdən nümunə götürüb rusca təhsil alsınlar. Siz rusca əla danışırsınız. Tatar qəzeti nəyinizə lazımdır?
– Mən öz həmvətənlərimizin hamısının tərəqqisinə kömək etmək istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala bilməzlər. Bu, ancaq varlı ailələrə müyəssər olan bir nemətdir.
– Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə qoy gedib sürülərini otarsınlar”.

Xalqına edilən bu təhqir Məhəmməd ağanı 12 illik fasilədən sonra “keçilməz görünən maneə və sədləri yarıb yeni yüzilliyin ilk anadilli” qəzetini açmağa vadar etdi. Prof. Ş.Hüseynov demiş, “...o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın”. 

“Mənim niyyətim türk qəzetindən dövlət qazanmaq deyil, ancaq ana dilimizdə mətbuat təsis eləməkdir” deyən Məhəmməd ağa qəzeti ilə “azadlıq hərəkatına təsir edərək” xalqın gözünü açmış, demokratik ideyalar yaymışdır. 

“Şərqi-rus”un Azərbaycan mətbuatı tarixində ən böyük yeri və rolu ondan ibarətdir ki, bu qəzetdə Azərbaycan jurnalist və publisistlərinin yeni bir qüdrətli nəsli yetişmiş, təcrübə məktəbi keçmiş. Bu məktəb xalqımızın ictimai və milli şüurunun oyanmasında, formalaşmasında xüsusi rolu olan Ömər Faiq əfəndinin “ürəyini boşaltmağa” meydan açmış. “Molla Nəsrəddin” satirik məktəbinin yaradıcısı Mirzə Cəlili mətbuat aləminə gətirmiş. “İstiqlalımzın və istiqbalımızın bünövrəsini qoyan” Məhəmməd Əmin Rəsulzadəyə ilk qucaq açaraq “millətinə yol göstərəcək” tarixi bir şəxsiyyətini yetişdirmiş.

1903-cü ilin 30 martından 1905-ci ilin 15 yanvarına kimi fəaliyyətdə olan “Şərqi-rus”un gəlişi Azərbaycan jurnalistikası üçün uğurlu oldu. “Azərbaycanda mətbuatın yeni inkişaf mərhələsinin” başlanmasına zəmin yaradaraq “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi milli ruhlu mətbuat orqanlarımızın zühuruna yol açdı. 

Mətbuat tariximizdə “Şərqi-rus” yeganə mətbuat orqanıdır ki, hələ yüz illər bundan sonra da onun səhifələrində ilk yaradıcılıq addımlarını atan, püxtələşən qələm sahiblərinin ədəbi-bədii irsi öz aktuallığı və əhəmiyyəti ilə diqqəti cəlb edəcək. Ədəbiyyatımızın, mətbuatımızın, mədəniyyətimizin, ictimai fikrimizin tanınmış, ən istedadlı söz sahiblərini, yazıçılarını, publisistlərini, şairlərini, jurnalistlərini yad edəcək. 

Kimlər idi onlar? Azərbaycan ictimai fikir və mətbuat, ədəbiyyat, mədəniyyət tariximizdə silinməz iz qoyan, mühüm rol oynayan aydınlarımız: Məmmədtağı Sidqi, Firudin bəy Köçərli, Abdulla Sur, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Əliqulu Qəmküsar, Əli Nəzmi, Abbas Səhhət, Abdulla Şaiq, Şəfiqə Əfəndizadə, Səmədağa Qayıbov və daha kimlər, kimlər...

Dövrün təcrübəli yazarları ilə yanaşı, gənclərinə də səxavətlə yer verən “Şərqi-rus”un gənc yazarları 14 yaşlı Şəfiqə Əfəndizadə, 19 yaşlı M.Ə.Rəsulzadə və 22 yaşında Hüseyn Cavid idi. Hər üçü yazılarından əvvəl qəzetin redaktoru M.Şahtaxtlını “Şərqi-rus”un fəaliyyətə başlaması münasibəti ilə təbrik edir və onun qəzetinin maarifin, mədəniyyətin, mətbuatın inkişafında böyük rol oynayacağına ümid bəslədiklərini bildiriblər. 

M.Ə.Rəsulzadənin “Şərqi-rus”da ilk çıxışı “Müxəmməs” adlı şeiri olub. “Seyid Əzim Şirvaninin maarifçi poeziyasının təsiri aşkar duyulan bu şeir” M.Ə.Rəsulzadənin sonrakı şeirlərindən mövzu baxımından kəskin fərqlənir. Sonrakı şeirlərində daha çox milli-azadlıq ruhu duyulur. Ümumiyyətlə, M.Ə. Rəsulzadə tez bir zamanda şeirdən uzaqlaşaraq siyasi publisistikaya daha çox önəm verir.

Mətbuatşünas alim Qulam Məmmədlinin yazdığına görə Hüseyn Cavidin “ilk mətbu çıxışı “Şərqi-rus” qəzetində olub. Hələ tələbə ikən “Şərqi-rus”un 1904-cü il 5 yanvar tarixli sayında “Ağayi Hüseyn Rasizadə Naxçıvani” imzası ilə bir publisistik məqaləsi çap olunub”. Məqaləni H.Cavid onun üçün çox əziz olan müəllimi Məmmədtağı Sidqinin vəfatı münasibəti ilə yazmış və Sidqinin mədəniyyət, maarif, elm sahəsində etdiklərini yüksək qiymətləndirərək “elə bilirəm ki, həqiqətdə mənim öz atam vəfat edib” deyərək bu ölümdən çox təəssüf hissi keçirdiyini bildirirdi. Dövrü mətbuatdan və arxiv sənədlərindən belə bəlli olur ki, H.Cavid 1904-1905-ci illərdə “Şərqi-rus”da maarifi, elmi təbliğ edən bir neçə publisistik məqalələri ilə çıxış edib.

14 yaşlı Şəfiqə Əfəndizadənin “Millətin halı” sərlövhəli ilk publisistik məqaləsinə yer verən “Şərqi-rus” sonradan onun görkəmli publisist, jurnalist kimi yetişməsində böyük rol oynayıb. 

Bütün ömrü boyu “Şərqi-rus”u xoş xatirələrlə yad edən Mirzə Cəlil mətbuat aləminə gəlişini və “sədaqətli dost” adlandırdığı Ö.F.Nemanzadə ilə dostluğunu məhz qəzetin fəaliyyəti ilə bağlayırdı. “Yoldaşım Ömər Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-rus” qəzeti idarəsində gördüm və onunla üns tutdum. “Şərqi-rus” qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar oldu. Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi budur ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim, daha doğrusu bina etdik” deyərək bu işdə Ömər Faiq əfəndinin xeyirxahlığını dönə-dönə qeyd edirdi. Ədəbiyyatşünas alim Ş.Qurbanov demiş, “Şərqi-rus” redaksiyasında Mirzə Cəlillə Ömər Faiqin gələcək dostluğunun bünövrəsi qoyulmuşdu”.

Bu da heç təsadüfü deyil ki, Ömər Faiq əfəndi daha çox Mirzə Cəlilin qəzetə redaktorluq etdiyi saylarda çap edilib. Ö.F.Nemanzadə bu haqda xatirələrində yazırdı: “Qəzet sahibinin məsləkinə baxmayaraq onu özümünkü hesab edir, çoxdan bəri türk mətbuatına olan həsrətimi bununla almaq, ürəyimdəki arzuları bununla boşaltmaq istəyirdim”. 

“M.Şahtaxtlı redaksiyada olmayanda, qəzeti dostu Cəlil Məmmədquluzadə idarə edəndə Ömər Faiqin əl-qolu açılır, “istəkli günləri” başlayırdı”. Ömər Faiq əfəndinin özü demiş, “o qədər rəzalət görmüşəm ki, onlar haqqında ürəyimi boşaltmağa yer axtarıram”. 

Bu yer 20-ci yüzilliyin ilk anadilli qəzeti “Şərqi-rus” oldu. O “Şərqi-rus” ki, bu gün onun ilk sayının işıq üzü görməsindən 120 il keçir. Lakin “Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, anadilli mətbuatımızın inkişafında” göstərdiyi xidmətlər hələ bir 120 il də bundan sonra yad ediləcəkdir. Deməli, bu gün də, sabah da şərqirusçuların arzuları, amalları yaşayır və yaşayacaqdır. O arzular ki, xalqının tərəqqisinə, azadlığına çulğalanıb!

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti