Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi yarandığı gündən dəyərləri üzərində bərqərar olmağı bacarıb. Dünəninə simsarlığı ilə seçilib.
Fakültəmizin keçmiş müəllimi Mahmud Mahmudov rəhmətlik müəllimimiz Ayaz Musayevin "Dialoq" adlı kitabına "Redaktor" başlıqlı ön söz yazıb. Yazının sonunda bir cümlə diqqət çəkir: "İş ki oldu əyani, çox asandır bəyanı". Deyərdim ki, bir cümləlik ifadədə bir kitablıq məna yükü vardır. Bu fikir dostluğa, əmək fəaliyyətinə, peşə sevgisinə, qısacası önündə sağlam ifadəsi olan bütün məsələlərə təyinlik edir. İfadədə qafiyə olan "əyan" və "bəyan" sözlərinin biri gözə, digəri isə sözə işarədir.
Yəni, bu fakültə adamları gözü ilə sezir, qəlbi ilə sevir. Heç bir məsələyə kor bucaqla baxmır, korş fikirlə yanaşmır.
Rəhmətlik Şirməmməd Hüseynov yazırdı ki, hələ sovetlər dönəmindən Jurnalistika fakültəsinin l kurs tələbələri ilk məşğələdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və Üzeyir bəyin Fəxri xiyabandakı məzarlarını ziyarət edirlər.
Deyərdim ki, bu ziyarət mənəvi prosesə çevrilib. Şərəfli, mütərəqqi ziyalılara olan hörmət sözdə, yazıda, əməl və davranışda təcəlli tapır.
Jurnalistika fakültəsinin mənəvi sütunlarından olan rəhmətlik müəllimimiz Tofiq Rüstəmov haqqında ilk məlumatı müəllimimiz Zaur Babayevdən eşitmişdim. Sonralar Tofiq müəllimin yüksək elmi, insanlığı barədə geniş məlumat topladım. Dövrün ən nüfuzlu qəzetlərində çalışdığını, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsindəki qüsursuz fəaliyyətini, ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsindəki araşdırmalarını öyrəndim. Alimin fakültəmizdə "Tərcümə, televiziya və radio jurnalistikası kafedrası"nın yaradıcısı olduğunu bildim. Tofiq Rüstəmovun zamanında fakültəmizin məzunu olan bir çox söz adamları ilə söhbət etdim. Onlar Tofiq müəllimin yüksək elmini və əsilzadəliyini qoşa qanada bənzətdilər. Və bu qanadla zirvəyə ucalıdığını söylədilər. Bu fikirlərin təsdiqi Mahir Süleymanovun müəlliminə xitabən "Böyük Ustad" ifadəsində, Tamella Həmidqızının "İnsanlıq məbədi" yazısında və bir də əziz müəllimim Xalidə Cavadovanın məhrəmlikdən doğan hər kəlməsində gördüm.
Sonralar Tofiq Rüstəmov haqqında bütün deyilənləri, oxuduqlarımı, eşitdiklərimi əyani şəkildə müəllimiz Sevinc Məmmədovanın tələbəyə olan insani münasibətində duydum. Dərslərimlə, işlərimlə maraqlandı. Özü iştirak etdiyi tədbirlərə məni də yanında müsafir etdi.
Əbəs yerə deyilməyib ki, əsil-nəsəbli adamlar öz soyuna, kökünə, oduna bağlı olduqları qədər də saf olurlar.
Sevinc Məmmədovanın əlimdə olan "Azərbaycan radiosu ilk elmi araşdırmalarda" adlı dərs vəsaiti çoxşaxəliliyi ilə seçilir. Əvvəla bu kitab tələbələrin nəzəri cəhətdən püxtələşməsi üçün gərəklidir. Bu sahəyə marağı olan oxucu üçün də faydalıdır. Həmçinin də kitabda radionun arxiv sənədlərinə, elmi araşdırmalara, peşənin təşəkkülündən tutmuş bugünkü tərəqqisinə qədər hər bir məlumata elmi şəkildə rast gəlmək olur. Kitabın elmi məsləhətçisi Yalçın Rzazadə, elmi redaktoru Allahverdi Məmmədli, rəyçilər Faiq Hüsiyev və Sevil Həsənova, redaktor istedadlı Aysel Babayevadır.
Dərs vəsaitinin içliyini vərəqləyərkən bu sahədə illərlə külüng vuran peşakar simaların adları, fəaliyyəti haqqında elə ilk səhifələrdə tanış olursan.
Radionun tarixi "Azərbaycan radiosu dövri mətbuatda" başlıqlı araşdırmada bütün incəlikləri ilə tələbəyə, oxucuya çatdırılır. Mövzu-mövzu müasirliyə doğru irəliləyirik. Milli radionun kökləri, yaşarı əyaniliyi və inkişaf dərəcəsi rəngarəng şəkillərlə təqdim olunur. Ən maraqlısı Respublikanın əməkdar artistləri Aydın Qaradağlı və Züleyxa Hacıyevanın iş başında çiyin-çiyinə veriliş apardıqları şəkildir. Deyərdim ki, bu şəkil nadir olduğu qədər də, həmçinin tələbələr üçün də maraqlıdır.
Sonda qətiyyətlə bildirərdim ki, Sevinc Məmmədovanın "Azərbaycan radiosu ilk elmi araşdırmalarda" adlı kitabı peşəyə bağlılıqdan, klassiklərin ruhuna ehtiramdan, Tofiq Rüstəmovun şərəfli yoluna sayğıdan və "Ot kökü üstə bitər" ifadəsindən yaranmışdır...
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi