Sovet dövrü çap olunan əsərlərin, məqalələrin əksəriyyətində (əsasən də 1960-cı illərin sonlarına kimi) mövzusundan, məzmunundan, formasından asılı olmayaraq, yeri gəldi-gəlmədi Sovet hökumətinə, “böyük qardaş”larına, mərkəzə xoş gəlmək üçün Azərbaycan Xalq Cümhuriyyəti dövrü, onun qurucuları geninə-boluna tənqid, təhqir edilib.
1943-cü ildə çap olunan “Azərbaycan komsomolunun mübariz yolu” adlanan kitabça da onlardan biridir. Kitabçanın müəllifi M.A.Qazıyevdir. Müəllif əsərinin əvvəlində “Lenin-Stalin komsomolunun 25 illiyinə ithaf edirəm” yazsa da, əsərin məğzi Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna həsr edilib. Əsasən də o zaman Bakıda Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaq, Azərbaycanı işğal etmək üçün gizli iş aparan, xalqımıza dəhşətlər yaşadan Lavrenti Pavloviç Beriyanın xatirələrinə həsr edilib.
M.A.Qazıyev yazır ki, Bakıda bolşeviklərlə gizli iş aparan L.P.Beriya illər sonra xatirələrində yazırdı: “Müsavat hökumətini yıxmaq üçün mən bir çox bolşeviklərlə birlikdə Bakıda gizli işləməyə başladıq. Əsas işimiz müsavat hökumətini yıxmaq üçün gənclərdən ibarət mübariz drujina təşkil etmək idi. Bunun üçün Gənclər İttifaqı silahlandırıldı, hərbi təlim keçdi. Min beş yüzə qədər üzvü olan Gənclər İttifaqı üsyana bir neçə gün qalmış tam hazır vəziyyətdə idi. Bu gənclərin böyük əksəriyyəti rus və erməni gənclər idi”.
Və yaxud M.Qazıyev daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin işğala məruz qaldığ gecəni fərəhlə təsvir edərək yenə də L.P.Beriyanın xatirələrinə istinad edir: “Səhər idi. Qızıl Ordu dəstələri vağzalı tutub, şəhərə daxil oldular. Bütün drujinamızla onları qarşılamağa gedirdik. Qəlbimizdə təsvirə gəlməz bir şadlıq vardır. Adam qeyri-adi bir iş görmək istəyirdi. İki gecə idi ki, yuxusuzduq; qaçıb gizlənən müsavatçıları arası kəsilmədən tutub CK-ya aparırdıq. Nəfəsimizi dərməyə macal yox idi. Lakin bizdə o qədər böyük bir revolyus ruh yüksəkliyi vardır ki, yorğunluq hiss etmirdik”.
87 səhifədən ibarət olan bu kitabça başdan-ayağa bu məzmundadır. Hərçənd müəllif burada Azərbaycan komsomolunun yaranma tarixindən və 25 illik fəaliyyətindən bəhs etməli idi.
Müəllif altı il sonra yenə bu mövzuya müraciət edib. “Azərbaycan SSR siyasi və elmi bilikləri intişar etdirən cəmiyyətin həqiqi üzvü, tarix elmləri namizədi M.A.Qazıyev. Azərbaycan komsomolunun tarixindən – 1948”.
Deməli M.A.Qazıyev sıradan bir müəllif deyildi. Tarixçi alim idi. Tarixi gözəl bilirdi. Amma... M.A.Qazıyevin bu kitabında da Azərbaycan komsomolunun tarixi, inkişafı qalır bir yana, müəllif yenə də geninə-boluna L.P.Beriyanın xatirələrinə istinad edir. Əslində 32 səhifədən ibarət olan bu kitabça eynilə əvvəlkinin təkrarıdır. Bax: birinci kitabda səh: 4, 6, 28, 29, 30, 32 və s, ikinci kitabda səh: 8, 9, 10, 18, 20, 27 və s. eynilə bir-birinin təkrarıdır. Müəllif hər iki əsərində dönə-dönə qeyd edir ki, Azərbaycan komsomolu yaranması və şərəfli yol kecməsi üçün ilk olaraq Stalinə və Şaumyana borcludur.
Sovet dövründə yazılan bu məzmunda əsərlər, kitabçalar, məqalələr saysız-hesabsızdır. Amma təəssüflüsü və təəccüblüsü odur ki, onların böyük əksəriyyətinin müəllifləri öz soydaşlarımızdır.
Sonda dahi Üzeyir bəyin “Dərin quyular” məqaləsindən bir cümləni xatırladım: “...biz müsəlmanların arasında quyular qazmaq üçün Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi, çünki bizim aramızda şər əllər əvvəldən quyu qazıb hazır qoymuşdular”.
Qərənfil Dünyamin qızı, Əməkdar jurnalist