Logo

İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi

14.10.2024 15:51 99 baxış
IMG

ARTİ-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində sentyabr ayının ikinci yarısından etibarən Bakı və region məktəblərində inklüziya mədəniyyətinin təşviqi məqsədilə pedaqoji heyətlə görüşlər təşkil edilib.

Görüşlərdə məktəb direktorları, müavinlər, psixoloqlar və müxtəlif fənn müəllimləri iştirak edib. Dinamik və interaktiv mühitdə keçən görüşlərdə iştirakçılar mövzu ətrafında aktiv müzakirələr aparıb və öz təcrübələrini bölüşüblər. Müzakirələrdə inklüziv təhsilin təşkilində qarşıya çıxan çətinliklər, sinifdə dərslərin idarə edilməsi, şagirdlərin qiymətləndirilməsi və ümumi təhsilə uyğunlaşmayan şagirdlərlə işin çətinlikləri kimi mövzular ətraflı şəkildə nəzərdən keçirilib. İştirakçılar inklüziv təhsilin məktəblərdə bərabər imkanların yaradılmasına verdiyi töhfələri vurğulayıb və inklüziya mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün valideynlərlə də maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Pedaqoji heyətlə keçirilən görüşlərlə yanaşı, ümumtəhsil məktəblərində valideynlərlə də inklüziya mədəniyyətinin formalaşdırılması məqsədilə görüşlər keçirilib. Valideynlər öz təcrübələrini bölüşərək qarşılaşdıqları çətinlikləri qeyd edib və onların həlli yolları barədə müzakirələr aparıblar. Onlar inklüziv təhsilin məktəblərdə tətbiqini müsbət qiymətləndirdiklərini, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını və bu mövzuda davamlı dəstəyə açıq olduqlarını vurğulayıblar.

İnklüziya mədəniyyəti mövzusunda keçirilən görüşlərə şagirdlər də cəlb olunub və bu görüşlər onlar tərəfindən böyük maraqla qarşılanıb. Verilən suallara həvəslə cavab verən şagirdlər, müxtəlif müzakirələrdə də fəal rol alıb və mövzu ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə ediblər. Təlimlər çərçivəsində müxtəlif cizgi filmlərinin izlənməsi və onların müzakirəsi zamanı şagirdlər bir-birilərinə dəstək olma, dinləmə və empati qurma bacarıqlarını nümayiş etdiriblər. Müzakirələrdə həmçinin, əqli məhdudiyyəti olan şagirdlər də iştirak edərək inklüziv mühitin bir hissəsi olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda sağlamlıq məhdudiyyəti olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.


 

Xəbər lenti