Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov 2024-2025-ci tədris ilində Prezident təqaüdünə, “Heydər Əliyev adına təqaüd”ə və “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təqaüdə layiq görülmüş tələbələrlə görüşüb.
Bu barədə TƏHSİL.BİZ -ə DİA-dan məlumat verilib.
Rektor görüşdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. U.Ələkbərov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu vurğulayıb, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Təqaüdə layiq görülən tələbələr çıxışlarında əldə etdikləri uğurlardan, gələcəkdə həyata keçirmək istədikləri layihələrdən danışıblar.
Görüşdə DİA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Yusif Ağayev, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, İntellektual sistemlərin idarəolunması kafedrasının müdiri dosent Elvin Əzizbəyov gənclərə tövsiyələrini veriblər. Onlar tələbələrə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, gənclərin yüksək bilik və bacarıq əldə edəcəklərinə, müasir dünyanın tələblərinə uyğun idarəçi kadrlar kimi yetişəcəyinə əmin olduqlarını bildiriblər.