Logo

Geoloq alimlərin dörd yeni əsəri çap olunacaq

29.10.2024 15:51 161 baxış
IMG

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Elmi şurasının qərarı ilə geoloq alimlərin dörd yeni əsəri çap olunacaq.

Bu barədə  TƏHSİL.BİZ -ə institutdan bildirilib. “Çöküntü hövzələrinin karbohidrogen (KH) sistemləri: nəzəri əsaslar və elmi-tətbiqi aspektlər” əsəri iki bölmədən ibarətdir. Birinci bölmədə təqdim olunan məlumat neft və qaz yataqlarının formalaşması və mühafizəsi üçün zəruri olan geoloji elementlərin və proseslərin müxtəlifliyini araşdıran “Çökmə hövzələrinin KH sistemləri” kursuna aid dərslikdir. Bu bölmədə KH sistemlərinin tədqiqi və neft və qazın axtarışı üsulları da nəzərdən keçirilir. İkinci bölmədə Cənubi Xəzər hövzəsinin (CXH) və dünyanın digər çöküntü hövzələrinin timsalında, KH sistemlərinin elmi və tətbiqi aspektləri nəzərdən keçirilir, onların geoloji və geodinamik şəraitdən asılı olan xüsusiyyətləri, neft ehtiyatlarının mənimsəməsi zamanı ətraf mühitə təsiri və onların axtarışının perspektiv istiqamətləri və s. barədə məlumat verilir.

“Planetimizin buzlaşma mərhələləri” adlı ikinci əsər 40 şəkil və 8 cədvəldən ibarətdir. Əsərdə planetimizdə son 3 milyard il ərzində bir neçə dəfə baş vermiş soyuqlaşma-buzlaşma və buzlaşmalararası istiləşmə dövrlərini yaradan səbəblər, onların xüsusiyyətləri və geosferlərdə baş vermiş transformasiyaların özəllikləri araşdırılaraq lakonik tərzdə təqdim edilir.

İngilis dilində hazırlanmış “Seysmoloji təhlilin differensiyasiyalı ssenar metodu (Böyük Qafqazın cənub-şərq yamacı timsalında)” əsərində 1998-2024-cü illər ərzində aparılmış tədqiqatlar təqdim olunur. Əsərdə risklər və qeyri-müəyyənliklər şəraitində hadisə ssenarilərinin tərtib edilməsində əsas nəzəri metod və yanaşmalar işıqlandırılır. Ssenarilərin emalının əsas aspektləri təsvir edilir və onların planlaşdırılmasının dizayn parametrlərinin nəzəri məsələləri haqqında ətraflı bəhs edilir. Həmçinin Azərbaycanda seysmologiya elminin inkişaf tarixinə dair tədqiqatlar əks olunur, ölkəmizdə bu istiqamətdə töhfələri olan elm xadimlərinin fəaliyyətinin qısa biblioqrafik icmalı verilir.

“Daim dəyişən dünyamız haqqında elm” əsəri isə hər təbəqədən olan oxucu üçün nəzərdə tutulur. Kitabda Qalaktikanın yaranması, Günəş sistemi, Yer planetinin fəzada mövqeyi, onun quruluşu haqqında müasir təsəvvürlər, onların fiziki, kimyəvi və s. xüsusiyyətləri barədə məlumatlar, Yer qabığının mənşəyi, təkamülü haqqında nəzəri biliklər təqdim edilir. Bundan başqa, üzvi aləmin və onun təkamül qurumlarının inkişafı haqqında müasir təsəvvürlər və hipotezlər təqdim edilir.

Xəbər lenti