Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 44 günlük Vətən müharibəsində şəhid olmuş tələbə və məzunların bir qisminin ailə üzvləri ilə görüş keçirilib.
ADPU-dan TƏHSİL.BİZ- ə bildirilib ki, görüşdə universitetin rektoru professor Cəfər Cəfərov Vətənin ərazi bütövlüyünün təmini və dövlət suverenliyinin bərpası yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehtiramını ifadə edib. Rektor vurğulayıb ki, bu tarixi Zəfər xalqımızın, Vətənin qəhrəman övladlarından ibarət ordumuzun və onun Müzəffər Ali Baş Komandanın birliyinin nəticəsidir.
Rektor diqqətə çatdırıb ki, Pedaqoji Universitetin 18 tələbə və məzunu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Universitetdə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi daim diqqət mərkəzindədir. ADPU-nun əsas tədris binasının II və III mərtəbələrində şəhidlərin xatirə guşələri yaradılıb, “Pedaqoji Universitetin qəhrəmanları” ensiklopedik toplusunda şəhidlərə aid bölməyə geniş yer ayrılıb.
Daha sonra şəhidlərin ailə üzvləri qəhrəman oğullarımızın keçdikləri şərəfli ömür yolundan söz açıb, öz xatirələrini bölüşüblər.
Görüşdə, həmçinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabı ilk olaraq şəhid ailələrinə təqdim edilib.
Əsər “Pedaqoji Universitetin qəhrəmanları” ensiklopedik toplusu əsasında hazırlanmış təkmil və yığcam nəşrdir. Kitabda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş, habelə universitetə rəhbərlik etmiş ümumilikdə 60 nəfərədək şəxs haqqında məlumat təqdim edilir. Onlardan 8 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfəri “Zəfər” ordeni, 4 nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 29 nəfəri Birinci Qarabağ müharibəsi şəhidi, 18 nəfəri Vətən müharibəsi şəhididir.
“Zəfərnamə” əsəri “İkinci Dünya müharibəsi iştirakçıları. Sovet İttifaqı qəhrəmanları”, “İkinci Dünya müharibəsi iştirakçıları. Döyüşən rektorlarımız”, “Azərbaycanın Milli qəhrəmanları”, “Zəfər” ordeni ilə təltif edilənlər”, “Məzun sərkərdələrimiz – generallar”, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilənlər”, “Birinci Qarabağ müharibəsi şəhidləri” və “Vətən müharibəsi şəhidləri” kimi 8 bölməyə ayrılır. “Vətən müharibəsi şəhidləri” bölməsində ADPU-nun şəhid olmuş tələbə və məzunları haqqında müfəssəl məlumat yer alıb.