Logo

ADPU-da “Vətən mənə oğul desə...” elmi-praktik konfransı keçirilib

07.11.2024 11:58 30 baxış
IMG

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Vətən müharibəsində qazandığımız şanlı zəfərin 4-cü ilinə həsr olunmuş “Vətən mənə oğul desə...” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov konfrans iştirakçılarını qarşıdan gələn Zəfər Günü və Azərbaycan Bayrağı Günü münasibətilə təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov “Vətən müharibəsində qələbəni şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. Professor A.Zamanov məruzəsində qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında erməni separatçılarının genişmiqyaslı təxribatlarına cavab olaraq başlanan Vətən Müharibəsi Ali Baş Komandanın misilsiz liderliyi və Azərbaycan Ordusunun dünyada misli görülməmiş qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində işğal altında olan ərazilərimizin azad edilməsi ilə yekunlaşıb. Lakin bu 44 günlük qələbənin dərin tarixi kökləri var. Qarabağ münaqişəsinin kəskinləşdiyi və torpaqlarımızın itirildiyi bir dövrdə xalqın köməyinə yetişən Ulu Öndər Heydər Əliyevin ölkə rəhbəri seçilməsi və yürütdüyü müdrik siyasi xətt nəticəsində dövlətin qüdrətinin bərpa edilməsi, ordu quruculuğunun gücləndirilməsi məqsədilə atəşkəs sazişi imzalandı. Əsrin müqaviləsinin imzalanması ilə ölkənin iqtisadi inkişafı böyük həcmdə irəliləyiş əldə etdi və digər sahələr kimi ordu da inkişaf etməyə başladı.

ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Xalqımızın qəhrəmanlıq tarixi və Qarabağ müharibəsi”, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov “Qarabağ müharibəsində qələbədə müəllimlərin rolu”, ADPU-nun Türkoloji Mərkəzinin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev isə “44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Biologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşmasının II tədris ilinin magistrantı Əfsanə Uluxanova M.Arazın “Vətən mənə oğul desə...”, Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasının I tədris ilinin magistrantı Elnarə Məmmədova isə B.Vahabzadənin “Bayraq” şeirini səsləndiriblər.

Sonda konfrans iştirakçıları Qarabağ Zəfəri və konfransın əhəmiyyəti barədə çıxışlar ediblər.

Xəbər lenti