Logo

Damcılı mağarasındakı arxeoloji tədqiqatlar barədə İngiltərədə kitab nəşr olunub

07.11.2024 14:38 30 baxış
IMG

İngiltərənin “Oxbow books” nəşriyyat evi “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” kitabını ingilis dilində (“Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus”) nəşr edib. Əsər Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının 2016-cı ildən etibarən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun abidələr kompleksinə daxil Damcılı mağarasında (Qazax rayonu, Daş Salahlı kəndinin inzibati ərazisi) apardığı tədqiqatların nəticələrinə həsr edilib.

Tokio Universiteti Muzeyinin direktoru, London Arxeoloji İnstitutunun professoru Yoshihiro Nishiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, Gəncə-Qazax Paleolit arxeoloji ekspedisiyasının rəhbəri Azad Zeynalov və institutun aparıcı elmi işçisi Yaqub Məmmədov kitabın elmi redaktorları və əsərin müqəddiməsinin həmmüəllifləridirlər.

Bu barədə TƏHSİL.BİZ -ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Əsərdə Cənubi Qafqazda Orta Daş (Mezolit) dövründən Yeni Daş (Neolitə), həmçinin əkinçi cəmiyyətə keçid barədə təsəvvür yaradan arxeoloji dəlillər təqdim olunub. Burada əksini tapmış tədqiqatlarda Damcılı mağarasında Mezolit dövrü təbəqəsi materialları ilə Tovuz rayonunda aşkar olunmuş Cənubi Qafqazın Erkən Neolit Hacı Ələmxanlı və Yetkin Neolit Göytəpə məskənlərindəki materiallar və onların analizlərinin nəticələri müqayisəli təhlil edilir.

Həmçinin 2016-2022-ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətinə həsr edilmiş fəslin həmmüəllifləri sırasında yaponiyalı mütəxəssislər ilə birgə Arxeologiya və Antropologiya İnstitutun əməkdaşları Mansur Mansurov, Ülviyyə Səfərova, Şahin Səlimbəyov və Orxan Zamanov yer alıblar.

Əsərin xüsusi bölümündə XX əsrin 50-ci illərində Damcılı mağarası ərazisində mərhum arxeoloqlar Məmmədəli Hüseynov və Sergey Zamyatin tərəfindən aparılmış tədqiqatların ingilis dilinə tərcümə edilmiş hesabatları oxucuların diqqətinə təqdim olunub.

Kitab dünya üzrə arxeoloji tədqiqatlar və onların nəticələri barədə elmi ədəbiyyatın nəşri üzrə ixtisaslaşmış “Oxbow books” nəşriyyat evinin abunəçisi olan Amerika və Avropa elmi-tədqiqat mərkəzlərinin kitabxanaları, arxeometrik tədqiqat sahələrinin mütəxəssisləri və tələbələr üçün nəzərdə tutulub.

 

Xəbər lenti