Logo

“Kardiologiya” dərsliyi tələbə və müəllimlərin istifadəsinə verilib

06.12.2024 11:43 175 baxış
IMG

ATU-nun I Daxili xəstəliklər kafedrasının bir qrup əməkdaşı - Vəsadət Əzizov, Gülarə Hacıyeva, Sona Qəhrəmanova, Yasmin Rüstəmova, Sevinc Məmmədli, Qalib İmanov, Şahin Xəlilov, Günay Şirəliyeva və Fərəh İbadovanın birgə müəllifliyi ilə “Ocaq” nəşriyyat-poliqrafiya mətbəəsində “Kardiologiya” adlı dərslik nəfis tərtibatla işıq üzü görüb.

TƏHSİL.BİZ xəbər verir ki, Tədris Terapevtik Klinikanın direktoru, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizovun redaktorluğu ilə ərsəyə gələn dərsliyə Əziz Əliyev adına AHTİ-nin Kardiologiya kafedrasının müdiri, professor Tofiq Cahangirov və ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti Leyla Əfəndiyeva rəy veriblər.

“Kardiologiya” dərsliyi müasir məlumatları özündə ehtiva edən fundamental kitabdır. Kitabın ümumi hissəsində ürək-damar sisteminin subyektiv (şikayətlər, xəstəliyin anamnezi, həyat anamnezi), obyektiv (baxış, palpasiya, perkusiya və auskultasiya), qeyri-invaziv (EKO, sutkalıq monitor, yük siqnalları, ExoKQ və stress ExoKQ, ürəyin yeməkborusudaxili stimulyası, radioizotop və stress- radioizotop müayinə, ürəyin KT müayinəsi, KT angioqrafiya) və invaziv (koronor angioqrafiya) müayinələri, onlara göstəriş və əks-göstərişlər, eləcə də laborator müayinələr barədə müfəssəl məlumat verilib.

Sonrakı bölmələr ayrı-ayrı ürək-damar xəstəlikləri, onların etiologiyası, patogenezi, klinikası, təsnifatı, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikasına həsr olunub. 

On doqquz fəsil, 416 səhifədən ibarət olan dərslikdə müxtəlif mövzulara uyğun diaqramların və izahedici şəkillərin verilməsi məlumatların tələbələr tərəfindən  daha asan mənimsənilməsinə şərait yaradır.

Bu faydalı mənbədən Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri, müəllimləri və həmçinin praktik səhiyyə ilə məşğul olan həkim-mütəxəssislər istifadə edə bilərlər.

Xatırladaq ki, “Kardiologiya” dərsliyi universitetin tədris proqramına uyğun olaraq, ATU-nun Böyük Elmi Şurasının qərarı əsasında çap edilib.


 

Xəbər lenti