Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı otağının açılışı olub.
TƏHSİL.BİZ xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Gürcüstan parlamentinin deputatı, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra Bolnisi rayonunun Resurs Mərkəzinin rəhbəri İamze Svanidze, məktəbin direktoru Kaxaber Cumberidze, Azərbaycan dili müəllimi Sevda Muzaşvili və başqaları çıxış edərək belə bir otağın açılışını yüksək qiymətləndiriblər. Bildirilib ki, 700-ə yaxın şagirdi olan Naxiduri məktəbində bu otaq Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə açılıb. Məktəbin şagirdləri burada əsasən Azərbaycan və gürcü dillərində təhsil alırlar. Eyni zamanda, şagirdlərə ingilis dilində də ayrıca dərslər keçirilir. Otaq səfirlik tərəfindən təmin olunub və lazımi inventarla təmin olunub. Məktəbin müəllim və kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xıdırov çıxış edərək Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda çoxsaylı məktəblər, uşaq bağçaları və idman kompleksləri tikilib, əsaslı təmir olunub. Bu otağın açılması da həmin qayğının bariz nümunəsidir.
Diplomat müəllim və şagirdlərə uğurlar arzulayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə soydaşlarımızı təbrik edib.
Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib. Deputat xalqlarımız və ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, məktəbdə otağın açılmasını yüksək qiymətləndirib. Bildirib ki, belə bir otağın açılması gənc nəslin ana dili və ədəbiyyatının öyrənməsində və təbliğində mühüm rol oynayır.
Sonra şagirdlər Azərbaycan və gürcü dillərində şeirlər və mahnılar söyləyiblər. Balacalar “Nəlbəki” xalq rəqsini ifa ediblər. Azərbaycan səfirliyi adından məktəbə televizor, kompüter dəsti, printer hədiyyə edilib.