Logo

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26.12.2024 20:10 74 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” qərar qəbul edib.

Bu barədə Tehsil.biz-ə AMEA-dan məlumat verilib.

Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə, həmçinin il ərzində ən çox məqalə nəşr etdirilən ilk üç yer üzrə mükafatlar təsis edilib. Elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə iki dəfə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb.

AMEA-da çalışan alim və mütəxəssislərin cari ildə 59 məqaləsi, 2024-cü ilin birinci yarısı üzrə nüfuzlu elmmetrik bazalarda indekslənən elmi jurnallarda 12 məqaləsi, bu ilin ikinci yarısında isə 47 məqaləsi çapdan çıxıb. Qeyd olunan məqalələr AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil, “Elektron Akademiya” şöbələri tərəfindən yoxlanılıb təhlil edildikdən sonra təsdiq edilib.

Cari ildə ən çox məqaləsi işıq üzü görən (7 məqalə) AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub və o, ilk sırada qərarlaşıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Dmitriy Kriçenko və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl ikinci yerdə qərarlaşıblar. Üçüncü yerdə isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilov olub.

Xəbər lenti