Logo

Müəllimlərdən yığılan 32 milyon manatın aqibəti

27.12.2024 09:28 762 baxış
IMG

Ölkəmizdə bəzi qurumlar kimi Həmkarlar İttifaqları adlanan təşkilatın da varlığı ilə yoxluğu ancaq vətəndaşlardan, üzvlərdən ödəniş tələb edərkən hiss olunur. Belə ki, dövlət orqanlarında çalışan vətəndaşların əməkhaqqından hər ay müəyyən miqdarda vergi tutulur, lakin tutulan pulun hara və necə xərcləndiyi heç kimə məlum deyil. Elə ötən gün redaksiyamıza bu barədə bir qrup müəllim tərəfindən şikayət daxil olub.

Onlar bildirib ki, hər ay Həmkarlar İttifaqları tərəfindən maaşlarından 2 faizlik üzvlük haqqı tutulur. Bu pulun sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və digər xidmətlər üçün sərf olunacağı deyilsə də, şikayətçilər bu günədək qeyd olunan xidmətlərin heç birindən yararlana bilmədiklərini vurğulayıblar.

Rəsmi məlumata görə, ölkənin ümumtəhsil müəssisələrində 150 min müəllim fəaliyyət göstərir. Orta əməkhaqqının 900 manat olduğunu və hər müəllimin aylıq maaşından 2 faizlik üzvlük haqqının tutulduğunu nəzərə alsaq, bu, aylıq 2 milyon 700 min, illik isə 32 milyon 400 min manat deməkdir. Bu isə heç də az məbləğ deyil. Hələ digər dövlət müəssisələrində çalışan vətəndaşlardan tutulan vergiləri demirik. Burada söhbət milyonlardan gedir. Lakin bu milyonların hara və necə xərcləndiyi heç kimə məlum deyil.

Maraqlıdır, bu qədər vəsait hara sərf olunur? Əgər müəllimlər bu imkandan yararlanmırsa, nə üçün onlardan hər ay bu qədər vəsait tutulur?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov TƏHSİL.BİZ-in suallarını cavablandırdı.

O bildirdi ki, Həmkarlar İttifaqlarının fəaliyyəti işçilərin hüquqlarını qorumaq, onların sosial rifahını artırmaq və peşəkar inkişafını dəstəkləmək məqsədini daşımalıdır:

“Müəllimlərin maaşından hər ay 2 faizlik üzvlük haqqının tutulması bu məqsədlərin həyata keçirilməsi üçün maliyyə bazası yaradır. Azərbaycanda 150 min müəllimin olduğunu nəzərə alsaq, bu, illik təxminən 32 milyon manata yaxın böyük bir məbləğin toplanması deməkdir. Bu rəqəm ciddi sosial proqramlar həyata keçirmək, müəllimlərin həyat şəraitini yaxşılaşdırmaq və onların peşəkar inkişafına dəstək vermək üçün kifayət qədər böyük potensiala malikdir. Lakin şikayətlər göstərir ki, bu vəsaitlərdən effektiv və şəffaf istifadə edilməməsi müəllimlər arasında narazılığa səbəb olur”.

K.Əsədovun sözlərinə görə, Həmkarlar İttifaqlarının əsas funksiyası yalnız maliyyə toplamaqdan ibarət olmamalıdır:

“Bu vəsaitlərin toplanmasının məqsədi onlardan müəllimlərin sosial ehtiyaclarına xərclənməsini təmin etməkdir. Məsələn, dünya təcrübəsində həmkarlar ittifaqları vasitəsilə işçilər üçün sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və peşə təlimləri təşkil edilir. Almaniyada həmkarlar ittifaqları işçilərin sağlamlıq və təhsil sahələrindəki ehtiyaclarını ödəmək üçün xüsusi proqramlar həyata keçirir. İtaliyada müəllimlər üçün həmkarlar ittifaqları vasitəsilə güzəştli səyahət paketləri və təqaüd proqramları təşkil edilir. Azərbaycanda bu cür layihələrin həyata keçirilməməsi isə həmkarlar ittifaqının fəaliyyətində ciddi boşluqların olduğunu göstərir.

Beynəlxalq statistikaya əsasən, inkişaf etmiş ölkələrdə həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində işçilərin 70%-dən çoxu sosial dəstək proqramlarından yararlanır. Bu proqramlar təkcə sağlamlıq və mədəni fəaliyyətləri deyil, həm də təhsil materialları, peşəkar inkişaf kursları və hüquqi müdafiəni əhatə edir. Azərbaycanda isə müəllimlərin bu xidmətlərdən istifadə edə bilmədiyi, toplanan vəsaitlərin şəffaflığı barədə məlumatın olmadığı bildirilir. Bu, həmkarlar ittifaqlarına olan inamı sarsıdır və onların əsas funksiyasını sual altına alır”.

Ekspert onu da əlavə etdi ki, 150 min müəllimdən hər ay toplanan vəsait illik büdcə baxımından həmkarlar ittifaqına böyük imkanlar yaradır:

“Bu vəsaitlə sanatoriya göndərişləri təşkil etmək, müəllimlər üçün təlimlər və konfranslar keçirmək, bayram tədbirlərində iştirak üçün bilet və ya hədiyyələr təmin etmək mümkündür. Əgər bu addımlar atılmırsa, bu, həmkarlar ittifaqının fəaliyyətində ciddi çatışmazlıqların olduğunu göstərir. Müəllimlər haqlı olaraq soruşurlar: bu qədər vəsait nəyə sərf olunur?

Maliyyə şəffaflığı həmkarlar ittifaqlarının fəaliyyətinin əsas prinsiplərindən biri olmalıdır. Bu səbəbdən illik hesabatlar ictimaiyyətə təqdim edilməli, toplanan vəsaitlərin hansı məqsədlər üçün sərf edildiyi aydın şəkildə göstərilməlidir. Şəffaflıq olmadan həmkarlar ittifaqlarının cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir. Məsələn, Skandinaviya ölkələrində həmkarlar ittifaqları hər il işçilər qarşısında hesabat verir və bu, onların işçilərlə etibarlı münasibət qurmasını təmin edir.

Nəticə olaraq, həmkarlar ittifaqının müəllimlər üçün real dəyər yaratması üçün aşağıdakı addımlar atılmalıdır: maliyyə şəffaflığı təmin edilməli, sanatoriya və sağlamlıq proqramları təşkil olunmalı, müəllimlər üçün mədəni və peşəkar inkişaf tədbirləri keçirilməlidir. Bu addımlar həm müəllimlərin sosial rifahını artıracaq, həm də həmkarlar ittifaqına olan etimadı bərpa edəcək. Əgər bu cür tədbirlər həyata keçirilməzsə, həmkarlar ittifaqlarının mövcudluğunun məqsədəuyğunluğu sual altına düşəcək. Belə bir vəziyyətin qarşısını almaq üçün dərhal tədbirlər görülməsi vacibdir”.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xəbər lenti