Logo

Çevik peşə və təlim standartları üçün effektiv bacarıq siyasətləri

27.12.2024 12:51 67 baxış
IMG

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) cari ayda “Çevik peşə və təlim standartları üçün effektiv bacarıq siyasətləri” adlı hesabatı təqdim edlib.

TƏHSİL.BİZ  xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin dekabr sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda sürətlə dəyişən əmək bazarlarına uyğunlaşmaq məqsədilə çevik peşə və təlim standartlarının inkişaf etdirilməsi strategiyalarına dair araşdırmaların nəticələri əks olunub. 

Yenilənmiş peşə və təlim standartları əmək bazarında mobilliyi artırır, bacarıq uyğunsuzluqlarını və işsizliyi azaldır. Eyni zamanda işəgötürənlər arasında innovasiya və rəqabət qabiliyyətini təşviq edir. Effektiv olmaq üçün peşə və təlim standartları bir neçə əsas meyara cavab verməlidir. Onlar mövcud və ortaya çıxan bazar tələblərinə uyğun olmalı, yeniliklərlə ayaqlaşmaq üçün vaxtında təkmilləşməli və iş fəaliyyətində kiçik tənzimləmələri qəbul edəcək qədər çevik olmalıdır. 

Bunula yanaşı standartlar işə götürənlər, təlimçilər, siyasətçilər üçün əlçatan olmaq məqsədilə sadə və istifadəçi dostu olmalıdır. Eyni zamanda etimad, hesabatlılıq və uğurlu nəticəni təmin etmək üçün güclü keyfiyyət təminatı mexanizmlərinə malik olmalıdır. Bu əsasda hesabatda, effektiv peşə və təlim standartlarını müəyyən edən beş meyar vurğulanır.

1) Əmək bazarı tələblərinə uyğunluq:

- Peşə və təlim standartları əmək bazarının mövcud reallıqlarını əks etdirməli və müxtəlif sahələrdə gələcək bacarıq tələblərini proqnozlaşdırmalıdır;

- Meydana çıxan tendensiyaların və sənaye tələblərinin hərtərəfli təhlilinə əsaslanmalıdır. 

2) Vaxtında yenilənmə: 

- Standartların hazırlanması və yenilənməsi sürətlə dəyişən bazar şəraitinə uyğun şəkildə vaxtında həyata keçirilməlidir. Çünki, yeniləmələrdəki gecikmələr bacarıq boşluqlarını genişləndirə və mövcud standartların aktuallığını itirə bilər.

3) Çeviklik:

- Standartlar iş tapşırıqlarında və ya yeni texnologiyalarda kiçik dəyişikliklərə uyğun olaraq elastik olmalıdır.

4) İstifadəçi dostluğu:

- Standartlar işəgötürənlər, təlimçilər, siyasətçilər daxil olmaqla, müxtəlif istifadəçilər üçün əlçatan və asan anlaşılan olmalıdır. Aydın, anlaşılan, standartlaşdırılmış formatlar standartların praktik istifadəsini və təlim proqramları ilə müəssisələr arasında uyğunluğu artırır.

5) Keyfiyyətin təminatı və nəzarət:

- Standartların əmək bazarına uyğun, vaxtında və yüksək keyfiyyətli olmasını təmin etmək üçün effektiv mexanizmlər mövcud olmalıdır. Güclü keyfiyyət təminatı üçün şəffaf proseslər, hesabatlılıq və maraqlı tərəflərin etimadı əsas rol oynayır.

Hesabatda Flandriya, Fransa, Fransız dilində danışılan Belçika, Almaniya, İsveçrə və Birləşmiş Krallıqdan götürülmüş nümunələr vasitəsilə çevik bacarıq siyasətlərinin yaradılmasına dair müxtəlif yanaşmalar təqdim olunur.

Flandriya 

Belə ki, Flandriyada peşə standartları Flamand Dövlət Məşğulluq Xidməti tərəfindən idarə olunan “Competent” səriştələr adlı verilənlər bazasında saxlanılır və Actiris, ADG, Bruxelles Formation və Forem kimi digər Belçika dövlət məşğulluq xidmətləri ilə əməkdaşlıq şəklində həyata keçirilir. Bu verilənlər bazasında əmək bazarının ehtiyaclarına uyğun və aktuallığını qorumaq üçün mütəmadi olaraq nəzərdən keçirilən, yenilənən peşə standartları yer alır. Yeniləmələr onlayn iş elanları daxil olmaqla, əmək bazarı məlumatlarının təhlilinə əsaslanır. Həmçinin, standartlar mövcud tendensiyaları və tələbləri əks etdirir. Baza 600 peşə, 4000 texniki bacarıq, 4000 bilik sahəsi və 26 yumşaq bacarığı ehtiva edir. Bacarıqlar "əsas" və "seçimli" olaraq təsnif edilir. Bu da iş tələblərinə uyğunlaşdırılmış təlimin təşkilini asanlaşdırır.

Fransa

Fransada peşə standartları ROME sistemi (Répertoire Opérationnel des Métiers et des Emplois) vasitəsilə təşkil olunur və “France Travail” adlı Fransanın Dövlət Məşğulluq Xidməti tərəfindən idarə edilir. ROME 4.0-a son keçid, əmək bazarının dəyişən tələblərinə daha yaxşı uyğunlaşmaq üçün bacarıq əsaslı yanaşmaya doğru əhəmiyyətli bir dəyişiklikdir. ROME 4.0 sistemi 532 peşə təsvirini və bacarıqlara əsaslanan yanaşmanı özündə birləşdirir. Həmçinin, hesabatda qeyd olunur ki, bu sistem vasitəsilə gələcək planlar çərçivəsində peşə profillərinin sayı 2,500-ə qədər artırılacaq. Maraqlı tərəflərin iştirakını asanlaşdırmaq məqsədilə xüsusi onlayn platforma yaradılmışdır. Bu platforma sektor fondlarına, sosial tərəfdaşlara və təlim təminatçılarına yeniləmələr təklif etməyə, layihələri nəzərdən keçirməyə və France Travail tərəfindən hazırlanan profillərə rəy bildirməyə imkan verir.

Fransız dilində danışılan Belçika həm peşə, həm də təlim standartlarının yaradılması və yenilənməsi üçün ticarət və kvalifikasiya xidməti (Service Francophone des Métiers et des Qualifications, SFMQ) təşkilatını təsis etmişdir. SFMQ bütün prosesi idarə edir. Lakin layihələrin hazırlanması ekspert qruplarına həvalə olunur. İndiyə qədər 180-dən çox standart hazırlanmışdır ki, bu standartlar peşə vəzifələrini, əlaqəli bacarıqları və müvafiq təlim nəticələrini ətraflı təsvir edir. Standartların modul təlim vahidləri ilə inteqrasiyası ömürboyu öyrənmə imkanlarını təşviq edir. Müəyyən peşələr üzrə işəgötürənlər və uyğun təlim proqramlarını təklif edən təlim təminatçıları standartları birgə hazırlayırlar. Belə ki, birgə fəaliyyət peşə ehtiyacları ilə təlim məqsədləri arasında uyğunluğu təmin edir.

Almaniya

Almaniyanın peşə və təlim standartlarına yanaşması təlim qaydaları, ümumi tədris proqramları çərçivəsində həyata keçirilir. Eyni zamanda ətraflı strukturlar təqdim edir. Təqdim olunan strukturlar vəzifələri, tələb olunan bacarıqları və peşə təhsili çərçivələrini əhatə edir. Bu əsasda peşə və təlim standartlarının hazırlanması, yenilənməsi, təkmilləşdirlməsi üçün Federal Peşə Təhsili və Təlim İnstitutu (BIBB) güvənilir hesab olunur. Belə ki, bu standartlar geniş tədqiqatlara əsaslanır. Həmçinin, müxtəlif sənaye sahələri və bölgələr üzrə standartlaşdırılıb. Federal Peşə Təhsili və Təlim İnstitutu işəgötürənlər, həmkarlar ittifaqları və dövlət qurumları ilə əməkdaşlıq edərək, məzmunu əmək bazarının tələblərinə uyğunlaşdırır. Bu mərkəzləşdirilmiş yanaşma ölkə daxilində peşə təhsili və təliminin vahidliyini, uyğunluğunu təmin edir. İkiqat Peşə Təhsili Sistemi (Dual VET) təlim və sertifikatlaşdırmada vahidliyi təşviq edir. Təlim qaydaları müəyyən müddət (9–12 ay) çərçivəsində maraqlı tərəflərin əməkdaşlığı ilə hazırlanır.

İsveçrə

Hesabatda vurğulanır ki, İsveçrədə peşə və təlim standartları bütün bölgələrdə tətbiq olunan hüquqi məcburi qaydalar çərçivəsində birləşdirilir. Bu yanaşma uyğunluğu təmin etməklə, əmək mobilliyini təşviq edir. Təhsil, Tədqiqat və İnnovasiya üzrə Dövlət Katibliyi (SERI) standartların hazırlanması və yenilənməsi prosesinə nəzarət edir. Həmçinin federal standartlara uyğunluğu təmin etmək üçün bütün bölgələrin nümayəndələri prosesə cəlb olunur. Beləlliklə, bu yanaşma peşə ehtiyaclarını və təlim tələblərini vahid bir çərçivədə birləşdirir. 230 peşə üzrə vahid hüquqi qaydalar ölkə səviyyəsində uyğunluğu təmin edir və hər beş ildən bir müntəzəm yenilənir.

Birləşmiş Krallıq

Birləşmiş Krallıqda peşə və təlim standartları “Təcrübə və Texniki Təhsil İnstitutu”nun (İnstitut for Apprenticeships and Technical Education, IfATE) rəhbərliyi ilə birgə hazırlanır. İşəgötürənlərin rəhbərlik etdiyi qabaqcıl (Trailblazer) qruplar standartların hazırlanması və yenilənməsində əsas rol oynayır. Eyni zamanda onların əmək bazarının tələblərinə uyğunluğunu təmin edir. 2021-2023-cü illər arasında 15 sektor üzrə 600-dən çox standart yaradılıb. Həmçinin təcrübə proqramlarına uyğunluğa xüsusi diqqət yetirilir.

Bununla belə, hesabatda bir sıra problemlərin mövcudluğu da qeyd olunur. Əsasən, bəzi bölgələrdə texnoloji yeniliklərə və bazar trendlərinə ləng uyğunlaşmanın peşə standartlarının aktuallığını azaltdığı vurğulanır. Belə ki, koordinasiyanın zəif olması işəgötürənlər, təlim müəssisələri və siyasətçilər də daxil olmaqla, müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın təmin edilməsini çətinləşdirir. Bundan əlavə kiçik müəssisələrin standartların hazırlanmasında kifayət qədər təmsil olunmaması bu standartların inklüzivliyini zəiflədir və onların tətbiq imkanlarını məhdudlaşdırır. 

Bu problemlərin həlli üçün hesabatda bir sıra məqsədyönlü tövsiyələr təqdim edilib:

  1. Standartların idarə olunmasını mərkəzləşdirmək və maraqlı tərəflərin inteqrasiyasını təmin etmək (Flandriya və İsveçrə nümunəsində olduğu kimi).
  2. Süni intellekt və əmək bazarı məlumatlarından istifadə edərək, real vaxt yeniləmələrini həyata keçirmək (Flandriya və Fransa təcrübəsinə əsaslanaraq).
  3. Sənaye ilə birbaşa əlaqəni təmin etmək üçün işəgötürənlərin rəhbərlik etdiyi prosesləri təşviq etmək (Birləşmiş Krallığın Trailblazer qrupları nümunəsində olduğu kimi).
  4. Peşə və təlim standartları arasında əlaqələri gücləndirərək, uyğunluğu təmin etmək.

Nəticə olaraq hesabatda vurğulanmış ən yaxşı təcrübələrin tətbiqi siyasətçilərə çevik, aktual və inkluziv peşə və təlim standartlarının formalaşdırılmasına imkan verə bilər. Bu yanaşma yalnız bacarıq uyğunsuzluqlarını azaltmaqla məhdudlaşmayacaq, eyni zamanda XXI əsrin çağırışlarına cavab olaraq, iqtisadi inkişafı və innovasiyanı təşviq edəcək.

Mənbə: OECD (2024), Agile Occupational and Training Standards for Responsive Skills Policies, Getting Skills Right, OECD Publishing, Paris, https://doi.org/10.1787/bacb5e4a-en.


 

Xəbər lenti