25 dekabrda Təhsil İnstitutunda fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Şahlar Əsgərovun “Azərbaycan məktəbi” jurnalında nəşr olunan “Tərbiyənin fəlsəfi əsasları” mövzusunda məqaləsinin geniş müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev açıq elan edib və tərbiyə ilə bağlı elmi əsərlərin müzakirəyə çıxarılmasının aktuallığından, cəmiyyətdə sağlam nəsil yetişdirmək üçün əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən institutun direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov müasir dövrdə tərbiyə işində yeni yanaşmaların tətbiqi zəruriliyindən danışıb və bu baxımdan professor Şahlar Əsgərovun məqaləsini yüksək dəyərləndirib.
Tədbirdə institutun əməkdaşlarından pedaqogika elmləri doktorları, professorlar Vidadi Xəlilov, İntiqam Cəbrayılov, Hümeyir Əhmədov, psixologiya elmləri doktoru Elxan Bəylərov, filologiya elmlər doktoru Aynur Paşayeva, pedaqogika üzrə fəlsəfə doktorları, dosentlər Asif Hacıyev, Nigar Muradova, İradə Əmrəliyeva, psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova və digərləri çıxış edərək məqaləni geniş təhlil ediblər. Müzakirə prosesində qeyd olunub ki, müasir dövrdə təhsil müəssisələrində tərbiyə işinə daha ciddi yanaşılması və bu işin ailə ilə əlaqələndirilməsi, tərbiyədə ananın rolunun xüsusi olaraq dəyərləndirilməsi vacibdir.
Yekunda professor Şahlar Əsgərov tərbiyə işinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb, mövzu ilə bağlı öz mülahizələrini səsləndirib və məqaləni oxuyan, çıxış edən, mövzu ilə bağlı fikir bildirən əməkdaşlara təşəkkürünü bildirib.