Logo

Polimer Materialları İnstitutu ili 8 mühüm elmi nəticə ilə başa vurub

27.12.2024 12:14 65 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda (PMİ) 2024-cü ildə 2 problem, 4 mövzu, 18 iş, 24 mərhələ üzrə elmi-tədqiqat işləri həyata keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, bu il institutda aparılan elmi-tədqiqat işləri 8 mühüm elmi nəticə ilə yekunlaşıb, 1 laboratoriya texnoloji reqlamenti işlənib hazırlanıb və tətbiq üçün tövsiyə olunub.

Respublika ərazisində olan təbii mineral ehtiyatlardan – mədən süxurlarından, eyni zamanda, alüminium hidroksiddən, bazalt lifindən, metal oksid nanohissəciklərindən və digər əlavələrdən istifadə olunmaqla polietilen, polipropilen, random polipropilen, etilen-heksen birgəpolimeri və polivinilxlorid əsasında polimer kompozit nümunələri alınıb və 26 sifariş əsasında 176 nümunənin fiziki-mexaniki xassələri müəyyən edilib.

İl ərzində aparılan elmi tədqiqatların nəticələri 5 monoqrafiyada, 54 məqalədə, 156 məruzə-tezisdə öz əksini tapıb. Nəşr olunan məqalələrdən 44-ü indeksləşmiş (24-ü “Web of Science”, 20-si “Scopus”) bazalara daxil olan jurnallarda dərc olunub. “Clarivate Analytics” bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 1-i Q2, 14-ü Q3, 14-ü Q4 qrupuna daxildir.2024-cü ildə institutun elmi işçilərinin əsərlərinə 665 istinad olunub.

İnstitutun əməkdaşları tərəfindən 3 patent alınıb, ixtiraya patentin verilməsi üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 4 iddia sənədinə qərar verilib.

2025-ci ildə Polimer Materialları İnstitutunda səciyyəvi quruluşlu və məxsusi xassəli polifunksional monomer, oliqomer və polimerlərin, polimer qarşılıqlarının, polimer-polimer, polimer-oliqomer və polimer əsaslı hibrid kompozisiyaların və nanokompozisiyaların yaradılması, xassələrinin və tətbiq imkanlarının öyrənilməsi istiqamətlərində elmi tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.

Xəbər lenti