Logo

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin ümumi iclası keçirilib

27.12.2024 16:32 56 baxış
IMG

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hibrid formada ümumi yığıncağı keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

İclas ölkənin biologiya, aqrar və tibb sahələri üzrə elm və təhsil müəssisələrində alınmış mühüm elmi tədqiqat nəticələrinin müzakirəsi və qiymətləndirilməsinə həsr olunub. İclasda BTEB-nin üzvləri ilə yanaşı, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələri, elmi tədqiqat müəssisələrinin və universitetlərin rəhbərləri və aparıcı alimləri, mühüm nəticələrin müəllifləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova qeyd edib ki, cari il bir sıra mühüm hadisələrlə yadda qalıb. 2024-cü ilə suverenliyini tam şəkildə bərpa edərək daxil olan Azərbaycan Respublikasında Prezident və parlament seçkiləri böyük ruh yüksəkliyi və mütəşəkkilliklə keçirilib və hər iki seçki prosesi uzun illərdən sonra işğaldan azad edilmiş ərazilərimizi də əhatə edib. 2024-cü ilin ölkə Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Bölmənin tədqiqat istiqamətləri üzrə fəaliyyət göstərən elmi müəssisələrin və universitetlərin müvafiq kafedralarının, elmi ictimaiyyətin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsr göstərib, mühüm problemlərin həlli üzrə yeni prioritetlərin ön plana çıxmasına səbəb olub. Qeyd olunan məsələlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası, nazirliklər, elm və təhsil müəssisələri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib.

Akademik İradə Hüseynova AMEA-nın ölkə Prezidenti tərəfindən imzalanmış Nizamnaməsinə əsasən, respublika üzrə əldə olunmuş mühüm elmi tədqiqat nəticələrinin Akademiyada müzakirə edilməsinin bugünkü tədbirin əsas məramı olduğunu bildirib.

Sonra müvafiq hesabat mərizələrinin dinlənilməsinə başlanılıb.

İlk olaraq, Səhiyyə Nazirliyinin elmi tədqiqat və təhsil müəssisələrində 2024-cü ildə alınmış ən mühüm fundamental və kliniki nəticələr Nazirliyin Elmi şurasının sədri, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsin direktoru tibb elmləri doktoru, professor Rəşid Bədəlov və Elmi şuranın üzvü, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova tərəfindən təqdim edilib.

Məruzə ilə bağlı iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, müzakirələr aparılıb.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova Səhiyyə Nazirliyindən daxil olan mühüm tədqiqat nəticələrinin keyfiyyətinin və dərcolunma vəziyyətinin ildən-ilə daha da yaxşılaşdığına diqqət çəkib.

Daha sonra Elm və Təhsil Nazirliyinin tədqiqat müəssisələrinin müvafiq hesabatları dinlənilib. Məruzələr üzrə ortaya çıxan sualları məruzəçilər və mühüm nəticələrin müəllifləri cavablandırıblar. Akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşri üzərində aparılmış işləri xatırladaraq, ümumi məqsədlər üçün əməkdaşlığın və əlaqələndirmənin əhəmiyyətini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə tədqiqat fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

AMEA-nın müxbir üzvü Vaqif Novruzov Qarabağın “Qırmızı Kitab”ının hazırlanmasının zəruriliyinə və bu istiqamətdə aparılan fəaliyyətlərə diqqət çəkib.

Professor Səyyarə İbadullayeva Botanika İnstitutunun alimləri tərəfindən “Qarabağın florası” kitabının yekunlaşmaqda olduğunu bildirib. Akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Amin İsmayılov torpaqların deqradasiyası və səhralaşma problemlərinin həlli üçün müasir texnologiyalardan istifadə ilə bağlı tədqiqatların aparılmasına ehtiyac olduğunu bildiriblər. AMEA-nın müxbir üzvü Zeynal Əkpərov yeni sortların yaradılması problemlərindən, bu sahədə fundamental və tətbiqi elmlərin vəhdətindən danışıb.

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ölkədə su problemlərinin həlli yolları və işğaldan azad edilmiş ərazilərdə kəhriz sisteminin bərpası ilə bağlı fikirlərini bildirib.

Yığıncağa yekun vuran akademik İradə Hüseynova ümumiləşdirmələr aparıb, bütün məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib. Akademik AMEA-nın üzvləri, institut rəhbərləri, aparıcı alimlər tərəfindən irəli sürülmüş bütün təklif və tövsiyələrin araşdırılacağını, onlar üzrə daha konkret müzakirələrin aparılması üçün bölmə tərəfindən müvafiq addımların atılacağını deyib.

 

 

 

 

 

 

 

Xəbər lenti