AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında doktorantura təhsili ilə bağlı geniş müzakirələr aparılıb.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.
İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi elmi fəaliyyətin ən mühüm istiqamətini təşkil edən doktorantura təhsili vasitəsilə yüksəkixtisaslı kadr hazırlığı sahəsində mövcud vəziyyətə toxunub, beynəlxalq təcrübəni nəzərdən keçirməklə qarşıda duran bir sıra vəzifələri diqqətə çatdırıb. Məruzədə beynəlxalq təcrübə kontekstində respublikada doktorantura təhsili ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə əsasən iki aspektdə nəzərdən keçirilib.
S.Xavəri məruzəsində birinci istiqamət üzrə doktorantura təhsilini tənzimləyən mövcud normativ-hüquqi bazanı nəzərdən keçirib, ali təhsilin üçüncü səviyyəsi olaraq doktorantura təhsilinin hüquqi və fəlsəfi spesifikasını, struktur özəlliklərini Boloniya prinsipləri kontekstində dəyərləndirib. Bundan əlavə, AMEA-da doktorantura təhsili, onunla bağlı mühüm statistik göstəricilər, eləcə də doktorantura təhsili ilə bağlı elm sahələri və ixtisaslar, onların müəssisələr üzrə paylanması kimi məsələlər diqqətə çatdırılıb. Həmçinin dünya elminin yeni çağırışları, İKT-nin, süni intellekt texnologiyalarının inkişafı, multidisiplinar, transdisiplinar tendensiyaların artdığı bir şəraitdə doktorantura təhsil səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxmaq zərurəti, respublikada doktoranturaya illik qəbul planı, qəbul və müdafiə edənlərin sayı arasında nisbət, bu istiqamətdə mövcud tendensiyalar və onların ehtimal olunan nəticələri, dissertasiyaların qiymətləndirilməsində mövcud mexanizmlər və beynəlxalq təcrübə (səlis və qeyri-səlis yanaşmalar), AMEA-da doktorantura təhsili ilə bağlı beynəlxalq əlaqələr və s. məsələlər məruzədə əksini tapıb.
Məruzədə ikinci əsas istiqamət olaraq məzmun səviyyəsində doktorantura təhsili ilə bağlı beynəlxalq təcrübə və respublikada mövcud vəziyyət nəzərdən keçirilib. Burada doktorantura təhsilinin məzmun spesifikası, beynəlxalq təcrübədə PhD-nin fəlsəfi platforması, ən ümumi modeldə elmi-tədqiqat prosesinin məntiqi ardıcıllığı, elmi fakt və düşüncə konstruksiyası arasında münasibətlər, elmi problemin formulə “problemi”, Azərbaycanda doktorantura təhsilinin məzmununa yanaşmalar, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işlərinin – dissertasiyaların hazırlanmasında məzmun səviyyəsində müşahidə olunan xarakterik problemlər diqqətə çatdırılıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək məruzəni yüksək qiymətləndirib, doktorantura təhsili sahəsində mövcud problemlərə toxunub, təkliflərini səsləndiriblər.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli elmimizin gələcəyi üçün AMEA-da doktorantura təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir. AMEA rəhbəri bildirib ki, doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması qarşıdakı hədəflər sırasındadır.
Rəyasət Heyəti tərəfindən məruzədə və müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınaraq doktorantura təhsil səviyyəsi ilə bağlı müvafiq qərar qəbul edilib, aidiyyəti qurumlara tapşırıqlar verilib.