Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Füzuli yaradıcılığı: ideya, üslub, poetika problemləri” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, plenar iclasda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı filoloji fikir tariximizdə böyük filosof-şairin yeri, ölkəmizdə füzulişünaslığın inkişafı və Məhəmməd Füzulinin yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın tarixi əhəmiyyətindən və bu münasibətlə BDU-da təşkil olunan müxtəlif tədbirlərdən, ölkəmizdə Füzuli irsinin, sənətkarlığının və yaradıcılığının öyrənilməsində universitetdə fəaliyyət göstərən alimlərin müstəsna xidmətlərindən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı isə ədəbiyyatımızda Füzuli dühasının xüsusi mərhələ olmasını, şairin özündən sonra Şərqdə böyük məktəb yaratmasını, uzun əsrlər Füzuli ənənələrinin uğurla davam etdirilməsini vurğulayıb. O, şairin hikmət xəzinəsinin bütün dövrlər üçün əhəmiyyətli olduğunu və bu zəngin irsin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Plenar iclasda Azərbaycan Dillər Universitetinin kafedra müdiri akademik Muxtar İmanov “Folklordan görünən Füzuli”, BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova “Füzuli həmmamiyyəsi və onun ərəb ədəbiyyatındakı öncül nümunələri”, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva “Məhəmməd Füzuli yaradıcılığında su və onun atributları” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Məhəmməd Füzulinin ədəbi-bədii və fəlsəfi fikrin inkişafında rolundan, dahi sənətkarın irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən danışıb.
Konfrans işini dörd bölmə iclası ilə davam etdirib. “Məhəmməd Füzuli yaradıcılığında mövzu və ideya problemləri”, “Füzuli ədəbi məktəbi və Füzulinin tədqiqatçıları”, “Füzuli əsərlərinin dil və üslub xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” mövzularında keçirilən bölmə iclaslarında 40-dan çox məruzə dinlənilib.