Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin “Dizayn” ixtisasında təhsil alan tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Dizayn kafedrasının təşkil etdiyi sərgidə tədris dövründə keçirilən rəsm, rəngkarlıq, dizaynın əsasları, layihələndirmə, mobil strukturlar fənləri üzrə semestrdaxili və fərdi fəaliyyət tapşırıqlarına aid nümunələr yer alıb.
Sərgi ilə tanış olan BMU-nun rektoru Yaqub Piriyev tələbələrin yaradıcı qabiliyyətlərini yüksək qiymətləndirib. Tələbələri maraqlı əl işləri ilə əlaqədar təbrik edən rektor onların gələcəkdə daha gözəl yaradıcı nümunələr ortaya qoyacaqlarına inamını vurğulayıb, belə sərgilərin tələbələr üçün böyük stimul olduğunu deyib.
Sonra rektor müəllim və tələbələrlə söhbət edib, artıq universitetdə ənənə halını alan belə sərgilərin hər zaman dəstəklənəcəyini bildirib.