Logo

Peşə təhsili üzrə ixtisasların yenilənməsi üçün layihə hazırlanıb

28.12.2024 17:11 116 baxış
IMG

23-27 dekabr tarixlərində peşə təhsili üzrə ixtisas təsnifatının yenilənməsi istiqamətində “dəyirmi masa”lar keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, “dəyirmi masa”ların əsas məqsədi peşə təhsili üzrə ixtisasların yenilənməsi istiqamətində hazırlanan layihə sənədinin daha da təkmilləşdirilməsi olub. Ümumilikdə 65 nəfər sahə mütəxəssisi və işəgötürənin iştirakı ilə keçirilən “dəyirmi masa”larda mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları ixtisaslar qrupu çərçivəsində mövcud ixtisasların innovativ yanaşmalar üzrə təkmilləşdirilməsi və əmək bazarında tələb olunan yeni ixtisasların formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

“Dəyirmi masa”larda iştirak edən sahə mütəxəssisləri və işəgötürənlər mövcud ixtisasların yenilənməsi, əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların yaradılması və məzmunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr irəli sürülüblər. Müzakirələrin yekununda hər bir ixtisas qrupuna aid rəy və təkliflər toplanıb.

Qeyd edək ki, peşə təhsili sistemi əmək bazarının daim dəyişən tələblərinə uyğunlaşmaqla gənclər üçün daha rəqabətqabiliyyətli və perspektivli karyera yolları açmaqda mühüm rol oynayır. Rəqəmsallaşma və “yaşıl” iqtisadiyyata keçid kimi qlobal trendlər yeni peşə bacarıqlarına olan tələbi artırır. Peşə təhsili ixtisaslarının təsnifatının yenilənməsi də məhz sürətlə inkişaf edən texnologiyalar və əmək bazarının dəyişən tələblərinə uyğunlaşmaq zərurətindən irəli gəlir.

Xəbər lenti