Logo

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” çapa təqdim olunub

28.12.2024 16:44 58 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Respublika Seysmoloji Xidmət Mərkəzi, Zoologiya, Botanika, Torpaqşünaslıq və Aqrokimya, Coğrafiya institutlarının birgə əməyi sayəsində hazırlanmış “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” çap prosesindədir. Atlasın siqnal nüsxəsi Geologiya və Geofizika İnstitutuna təqdim edilib.

Bu barədə TƏHSİL.BİZ-ə Geologiya və Geofizika İnstitutundan məlumat verilib.

Nəşrin baş redaktoru akademik Akif Əlizadə, elmi rəhbəri və redaktoru AMEA-nın müxbir üzvü Tələt Kəngərlidir.

Geniş ictimaiyyət və mütəxəssis dairəsi üçün nəzərdə tutulmuş yeni atlas bəşəriyyətin və dünya mədəniyyətinin beşiklərindən olan, qədim tarixi və bənzərsiz təbiəti ilə seçilən, Azərbaycan Respublikasının hazırkı iqtisadi bölgüsündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə təmsil edilən tarixi Qarabağ diyarının ümumcoğrafi durumuna və zəngin təbii ehtiyatlarına həsr edilib.

Atlasın Azərbaycan, ingilis, rus dillərində nəşri onun oxucu auditoriyasının xeyli geniş olacağına imkan yaradır. Bu baxımdan nəşr Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur bölgəsinin təbiət müxtəlifliyi haqqında etibarlı məlumata ehtiyacı olan maraqlı beynəlxalq qurumlar, eləcə də digər xarici təşkilatlar üçün etibarlı vəsait kmi dəyərləndirilməlidir.

Dövlət başçısının qayğısı və dəstəyi ilə ərsəyə gətirilən nəfis “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” bölgənin təbiət müxtəlifliyi üzrə əsas istiqamətverici sənəd kimi əvəzolunmaz elmi topludur və ölkənin digər bölgələri üzrə oxşar əsərlərin yaradılması üçün nümunə kimi qəbul edilə bilər.

Atlas Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində hazırlanaraq 2000 nüsxə ilə çap olunmaqdadır.

 

Xəbər lenti