Logo

Azərbaycanlı gənc istedadlar üçün təqaüd verməyi düşünürük

28.12.2024 11:48 53 baxış
IMG

Məlum olduğu kimi, ötən ay İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ümumi iclası keçirilib. İclasda Türkiyədə çalışan alimlərimizin Azərbaycan ali təhsil müəssisələri ilə əlaqələri, azərbaycanlı gənclərin Türkiyə universitetlərində təqaüd proqramlarına cəlb olunması da daxil bir sıra məsələlərə toxunulub. Qeyd edək ki, dərnəyin yaradılmasında əsas məqsəd Türkiyədə çalışan azərbaycanlı elm adamlarının Azərbaycanda elm və ali təhsilin inkişafı prosesində iştirakını təşviq etmək, istedadlı gənclərin tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq və ümumilikdə birgə kommunikasiyanın qurulmasıdır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin, Ankaradakı Azərbaycan səfirliyinin əməkdaşlarının da iştirak etdikləri iclasda müzakirə olunan məsələlər barədə Bakıda səfərdə olan qurumun rəhbəri Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Bilkənd Universitetinin professoru Əmrulla Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində ətraflı danışıb. 

“Bizim üç ana məqsədimiz var” 

- Sizin də xəbəriniz olduğu kimi, üç ay öncə, sentyabrın 9-12 tarixlərində Bakıda Dünya Azərbaycanlı Alimlərinin Forumu keçirildi. Fərqli ölkələrdən alimlərimiz gəldi. Hazırda azərbaycanlı alimlərimiz üç ölkədə yaşayır və çalışır - Rusiya, Türkiyə və Amerika Birləşmiş Ştatları. Ona görə əslində könül istərdi ki, bu ölkələrdə azərbaycanlı alimlərin dərnəyi,birliyi qurulsun, sonra isə onun təməlində dünya azərbaycanlılarını bir araya gətirək. Ona görə biz bir il əvvəl bu işə başladıq, bu dərnəyi açdıq. Bizim üç ana məqsədimiz var. Birincisi, Türkiyədə yaşayan azərbaycanlı alimləri konsolidasiya etmək və bir zəncir quraraq onlar arasında sıx əlaqə yaratmaqdır. Ondan sonra alimlərimizin problemlərinin həllinə birlikdə nail olmaqdır. 

İkinci məsələ budur: Türkiyədə çalışan bizim alimlər, başda Qarabağ Universiteti olmaq şərtilə Azərbaycan universitetlərinə necə kömək edə bilər? 

Dünyada çalışan bizim bir çox alimlərimiz gedib Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda dərs verirlər. Məsələn, Gülhanə tibb fakültəsindən bir xanım alim Boqotada (Kolumbiya)  dərs deyir. Onlar gedib orada anlaşıblar, ancaq Türkiyə ilə Azərbaycan arasında belə bir anlaşma yoxdur. Niyə də olmasın? Başda Qarabağ Universiteti olmaqla biz Azərbaycan ali təhsil sistemindəki universitetlər, kolleclər və s. üçün  nə kimi köməklik edə bilərik? 

3-cü problem də budur - istedadlı gənclər elmə gəlmək istəmir, təhsil sisteminə qatılmaq istəmir. Dünyanın hər yerində belədir.  Ona görə də biz Türkiyədə belə bir proqram qəbul  etmək istəyirik - Azərbaycana gəlib universitet rektorları ilə danışaraq azərbaycanlı istedadlı gənclərin seçilməsində özümüz də iştirak etməklə onların Türkiyənin ən yaxşı lider universitetlərində doktorantura proqramlarına qatılmasına maddi olaraq kömək etməyi, onlara təqaüd verməyi düşünürük. 

Yəni bizim dərnəyin təməlində  həll etmək istədiyimiz 3 ana məsələ bunlardır. İnşallah, buna müvəffəq olarıq. Amma bunlardan başqa da həll olunası problemlərimiz də var. 

Bakıya səfər çərçivəsində Qarabağ Universitetinin rektoru ilə görüşəcəyəm. Universitetin prorektoru Elçin İbrahimovla da görüşmüşəm. Bəzi ixtisaslar var ki, Azərbaycanda çox inkişaf etməyib. Amma Qarabağ Universitetində bu cür ixtisas sahiblərinə ehtiyac var. Birlikdə bu proqramları yaradaq, Azərbaycandan Türkiyəyə tələbələr getsin, daha sonra isə oradan buraya  müəyyən sayda müəllimlər gəlsin, bir-iki ay çalışıb geri dönsünlər. 

Ege Universitetində bu və ya digər sahələrdə bizim 3-4 və 5 nəfər dəyərli azərbaycanlı alimimiz var. Və sevə-sevə buradan tələbə qəbul edə bilərlər. Buna ümid edə bilər tələbələr. İndi Bakı Dövlət Universiteti və bir də Azərbaycan Texniki Universiteti bunu edir. AzTU 2-ci kursdan sonra İstanbul Texnik Universitetinə (İTU) tələbələr göndərir və orada bir il təhsil alırlar. Geri dönür, ikili diplom alırlar. İkili diplomla bağlı münasibətim belədir: Hər bir universitet tərəfdaş, tərəf-müqabili olaraq elə bir universitet seçməlidir ki, o universitetin sayəsində öz nüfuzu artsın. 

- Bəzi fikirlərə əsasən, universitetlərimiz ABŞ, Britaniya, Çin modeli üzrə yox, bizə yaxın olan Türkiyə universitet modeli üzrə inkişaf etməlidir. Bu fikrə münasibətiniz?

- Bu fikirlə tam razı deyiləm, səbəbini də söyləyim. Qəbul olunmuş və hazırda bilinən ən mükəmməl ali təhsil sistemi anqlo- sakson ali təhsil sistemidir. Yəni, məsələn, internetdən də baxa və ya bir araşdırma da apara bilərsiniz. Görəcəksiniz ki, dünya reytinqində ilk 100- lüyə girən universitetlərin 85-90 faizi ya Amerika, ya İngiltərədə, ya da Kanada, Avstraliyadadır. Bunun mənası nədir? Amerikada anqlosakson təhsil sistemi olduğu üçün onlar uğurludurlar. Kimsə demir ki, sən get Kembricdəki kimi ol. Amma təməldə anqlo-sakson təhsil sistemi modeli olmalıdır. O model üzrə Türkiyədə işləyən universitetlər var.

İstanbul Texnik Universiteti, Boğaziçi Universiteti, Orta Doğu Texnik Universiteti, Bilkənd Texnik Universiteti. Amma siz desəniz ki, yox, mən Qazi Universiteti və ya iki il əvvəl yaradılmış Ankara Ostin Universiteti modelini seçirəm, bu, yanlış olur. Çünki velosipedi yenidən icad etmək lazım deyil. Yəni hər şey görünür, ilk 100-ə, 200-ə girən neçə universitet var. Biz Amerika deyirik, mən orada uzun illər ərzində çalışdım, 1977-ci ildən Azərbaycandan  çıxmışam. Düşünün ki, Amerikada hazırda 6000-ə yaxın universitet var. Amma siz məndən soruşsanız ki, Amerikada neçə universitet tanıyırsınız, mən deyərdim maksimum 15-20, 30-35 universitet adını saya bilərsiniz. 

Ona görə hər zaman yaxşılarda olan modelləri almaq lazımdır. Kimsə demir ki, Amerikadakı bütün universitetlər mükəmməldir. Yoxdur belə bir şey. Dünyanın heç bir yerində də yoxdur. Amma onlardakı yaxşı olanlardan bir şeylər almaq lazımdır. Türkiyədə də elədir.

“Hər bir universitetin virtual elmi mərkəzi olsun” 

- Azərbaycan universitetlərinin inkişafını  necə izləyirsiniz?

- Mən BDU-nun bir geniş kollegiya iclasında çıxış elədim. Dedim ki, sistem necə olmalıdır. Tədqiqat universiteti, ya Rusiyada olduğu kimi federal büdcədən maliyyələşən tədqiqat universitetləri. Bu məsələdə fərqli fikirlər yaranır, çoxsaylı təkliflər gəlir. Mən dedim gəlin bütün universitetlər öz məzunlarını təqib etsinlər. İkincisi də hər bir  universitetin virtual bir elmi mərkəzi olsun. Məzunların hamısına da  (Amerika, Türkiyə və s. fərqi yoxdur) bildirin ki, jurnallara məqalə yazanda, eyni zamanda  hansı universitetdə çalışdıqlarını da qeyd etsinlər. Bu istənilən universitet ola bilər. Buna vaxtilə müsbət reaksiya  BDU-dan gəldi. Rəhmətlik Məhəmmədəli Ramazanov bu işi başladı. Lakin sonra bu məsələ dayandı. Amma BDU-da bu iş yenidən bərpa olundu. 

 Mən Amerikada çalışanda bizdə hər bir müəllimin qapısının ağzında bir tablo var idi. Tabloda nə vardı? Bu müəllim neçə tələbə, elmlər namizədi, doktor yetişdirib və onlar harada çalışır. Çünki universitet təqib edir onları. Kimsə baxır, professorları bir-biri ilə müqayisə edə bilir. Məsələn, biri 10 tələbə yetişdirib, hamısı da yaxşı işlərdədir. Birisinin 20 tələbəsi olub, onlardan yalnız 2-si özünə iş tapıb. Demək, onun elmi-tədqiqatları sənaye, cəmiyyət üçün və s. daha faydalıdır. Bu, belə olarsa, o zaman hər şey göz qabağında olur. 

“Türkiyədəki ali təhsil modelinin ən yaxşı nümunəsi...”

 - Universitet nəzdində elmi məktəblərin fəaliyyəti barədə nə deyərdiniz?

-Elm sözü indi, belə deyək, çox işlənən, qeyri-müəyyən bir sözdür. Sizə bunu deyim ki, mənim çalışdığım mərkəzin hazırda həm dünyada,  həm də ölkədə aldığı proyektlərin toplam maliyyəsi, yəni bizə gələn pul 197 milyon avrodur. Artıq suala gərək yoxdur. Amerikada “Sarmaşıq Liqası” deyilən 8-10 ən nüfuzlu universiteti bir araya gətirən liqa var. 

Mən S.M.Kirov adına ADU-nun məzunuyam. PhD-mi Leninqradda Fizika Texnika İnstitutunda, elmlər doktorluğumu Riqada almışam. 1971-ci ildə, o zaman 25-26 yaşım olardı, məni məruzəçi olaraq İsveçrəyə konfransa dəvət etdilər. O zaman getdim, oradan təkliflər aldım. İngilis dilini özüm öyrənmişəm. Gənc yaşımda, 1977-ci ildə əvvəlcə Amerikaya getdim, ABŞ-də Müdafiə Sənayesi Nazirliyində dənizaltı silah araşdırma tədqiqat mərkəzində, sonra Yaponiyada Nikon Elektronik şirkətində, Roma La Sapienza Universitetində çalışdım. Sonra Türkiyəyə gəldim, 35 ildir ki, orada çalışıram. 

Bir daha təkrar edirəm ki, yeni bir şey icad etməyə gərək yoxdur. Türkiyədəki ali təhsil modelinin ən yaxşı nümunəsi İstanbul Texnik Universitetidir. İstanbul Texnik Universiteti bir məktəbdir. Əsl elm burada formalaşır. 

“Namizədləri biz seçəcəyik”

- Azərbaycanlı magistrant və doktorantların bankının yaradılması barədə təklifləriniz var... 

- Sizə bunu söyləyim. Mən bunu 2 universitetə təklif etdim. Bütün dövlətlərdə belə bir proqram var. Deyək ki, süni intellekt, silah, istehsal və s. 3-4 təməl yol var, bu ixtisaslara çox önəm verilir. O ixtisaslardan məsələn, əgər nanotexnologiyanı inkişaf etdirmək lazımdırsa, o zaman siz bu cür məzunlarınız arasından 10  - 15 nəfəri seçəcəksiniz. Bizim bir şərtimiz olacaq. Onların TOEFL-dakı ingiliscəsi 84-ün üzərində olacaq. Ondan sonra biz 3-5 nəfərlik heyətlə buraya gələcək, onlarla söhbət edəcəyik, imtahan etməyəcək, söhbətləşəcəyik. Onlar bizə bəzi bilgilər verəcək, nə olmaq, nə etmək istəyirlər. Daha sonra biz 10-15 nəfərin içindən 3-4-nü seçəcəyik. Bax, sonuncu işi biz edəcəyik, namizədləri biz seçəcəyik. Ondan sonrakı mərhələdə də onların, yəni magistratura və ya doktoranturaya gəlmək istəyənlərin bütün xərclərini biz qarşılayacağıq. Bunu mən Bilkənd Universiteti adına söyləyə bilərəm. Deyək ki, 3- 4 nəfər, ancaq hüquq və digər humanitar sahədən deyil, məsələn, mühəndislik, fizika, riyaziyyat, hesablama texnikası, kimya və s. elm sahələrindən olsun. 

Xəbər lenti