Logo

Müəllimin rəhbərlik qabiliyyəti şagirdlərin öyrənmə nəticələrinə əhəmiyyətli təsir edir...

28.12.2024 09:24 102 baxış
IMG

Sinif otağı təhsil prosesinin mərkəzidir. Bütün böyük məqsədlər, strateji planlar və layihələr əslində bu kiçik məkanda həyata keçir. Divarlarla əhatə olunmuş bir otaq, sinif otağı həm də bir münasibətlər sistemidir. Orada şagirdlə müəllim arasında qurulan bağ, onların bir-birinə ötürdüyü enerji və qarşılıqlı təsir təhsilin əsl mahiyyətini təşkil edir.

Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki:

Statistika göstərir ki, sinifdə müəllimin rəhbərlik qabiliyyəti şagirdlərin öyrənmə nəticələrinə əhəmiyyətli təsir edir. Hattie öz araşdırmalarında vurğulayır ki, müəllimlərin sinifdəki davranışları və yaratdığı mühit öyrənməyə 30%-dən çox təsir göstərə bilir. Bunun müqabilində isə bahalı texnologiyaların belə təsiri yalnız 5-10%-lə məhdud qalır. Buradan çıxan nəticə aydındır: texnologiya yalnız vasitədir, əsl proses isə insan faktoru üzərində qurulur.

Sinifdə müəllimin kim olduğu, necə bir şəxsiyyət daşıdığı, hansı dəyərləri təbliğ etdiyi hər şeydən vacibdir. Çünki təhsil yalnız bilik ötürmək deyil; o həm də dəyərlərin formalaşdırıldığı bir prosesdir. George I.N.-in qeyd etdiyi kimi, “Sinifdəki şagirdlərin məqsədi öyrənməkdir, amma onların davranışlarına rəhbərlik etmək üçün lider müəllimlərə ehtiyacları var.” Lider olmayan müəllim sadəcə dərsi keçir, amma lider olan müəllim şagirdləri dəyişdirir.

Bəzən deyirik ki, yeni məktəb binaları tikirik, ən müasir avadanlıqları gətiririk. Bunlar əladır. Amma təhsil keyfiyyətini artıran bunlar deyil. Sinifdəki müəllim və onun metodlarıdır. Çünki yaxşı müəllim köhnə binada da böyük nəticələr əldə edə bilər. Pis müəllim isə ən müasir laboratoriyada belə uğursuzluğa düçar olacaq.

Sinif otağı sadəcə məkan deyil, gələcəyin formalaşdığı yerdir. Orada olan insanlar, onların məqsədləri və bu məqsədə çatmaq üçün atılan addımlar bütün cəmiyyətin gələcəyini müəyyənləşdirir. Təhsil dediyimiz anlayış bu məkanı doğru dəyərlərlə doldurmaqdan ibarətdir. Sinifdə müəllim varsa, deməli, təhsil də var. Amma yoxdursa, nə qədər bahalı texnologiyalar olursa olsun, nəticə olmayacaq.

 

Xəbər lenti