Logo

Coğrafiya İnstitutun hesabat iclası keçirilib

27.12.2024 12:44 61 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun Elmi Şurasının iclasında müəssisənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti üzrə hesabatı dinlənilib.

TƏHSİL.BİZ xəbər verir ki, Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov hesabatı təqdim edib. 

Azərbaycan Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumat verən baş direktor “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirilməsi üzrə 4 kitab nəşr edib. Onlar “Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı”, “Qarabağ iqtisadi rayonunda demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun turizm və rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”dir. 

Bundan əlavə, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na uyğun olaraq, “Azərbaycan Respublikasının sosial-demoqrafik inkişafı və məşğulluq problemləri” adlı  kitab hazırlanıb. 

Bildirilib ki, 2024-cü ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar. 

Coğrafiya İnstitutunda “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyası” adlı II beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Qeyd edilib ki, cari ildə institut əməkdaşları tərəfindən “Coğrafiya və təbii resurslar” jurnalının 2 sayı, 8 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti nəşr edilib. 2024-cü ildə institut əməkdaşları tərəfindən 90-u xaricdə, 27-si impakt-faktorlu olmaqla, 217 elmi məqalə, 6 tezis çap olunub. Qrantlar əsasında 4 elmi-tədqiqat işi yerinə yetirilib, 2-si üzərində iş davam edir.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə 24 doktorant, 4 dissertant, elmlər doktoru hazırlığı üzrə 10 dissertant təhsil alır. 

İnstitutun beynəlxalq əlaqələrindən söz açan professor cari ildə elmi əməkdaşlığa dair 6 memorandumun imzalandığını diqqətə çatdırıb. Rusiya, Qazaxıstan, Polşa alimləri elmi seminarlarda məruzələrlə çıxış ediblər, institut əməkdaşları konfrans, forum və müxtəlif digər elmi tədbirlərdə iştirak etmək üçün Almaniya, Gürcüstan, Çin, Rusiya, Rumıniya, Qazaxıstan, və s. kimi ölkələrdə olublar.   

Məruzəçi elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, elektron elmin vəziyyəti, qrant layihələrinin yerinə yetirilməsi, institutun veb-saytının elmin təbliği istiqamətindəki fəaliyyəti və s. haqda ətraflı məlumat verib.

İclasda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər dinlənilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/27%20December%202024/4de2ab62-55ed-4590-b78c-a806e54ae407_WhatsApp%20Image%202024-12-27%20at%2011.13.28_71130802.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/27%20December%202024/4175e864-2ad8-4b0f-8be6-83b54116fbb8_WhatsApp%20Image%202024-12-27%20at%2011.13.28_36df6d55.jpg

 

 

 


 

Xəbər lenti