Dekabrın 6-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2024-cü il üzrə hesabatı dinlənilib.
Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib. İclasda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ına müvafiq olaraq yerinə yetirildiyini diqqətə çatdırıb.
İnstitutun elmi katibi filologiya elmlər doktoru Aynel Məşədiyeva bildirib ki, hesabat ili ərzində 13 şöbə və 1 laboratoriyada 1 istiqamət üzrə 14 problem və 17 mövzu davam etdiriliməkdədir, onlardan 3 mövzu və 96 iş yerinə yetirilib.
Nadir Məmmədlinin tərtib etdiyi, giriş söz və şərhlər yazdığı 3 cilddə “Divanü lüğat-it-türk (Xalid Səid Xocayevin tərcüməsində)”, filologiya elmləri doktoru İdris Abbasovun “Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları və “Türk dillərinin funksional morfologiyası “(kollektiv monoqrafiya) kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumat diqqətə çatdırılıb. Qeyd edilib ki, institut Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı, “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirib. Ümumiyyətlə, 2024-cü il ərzində institutda 49 tədbir keçirilib.
Tədbirdə fəxri qonaq qismində akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyəti Aparatının vitse-prezidenti xidmətinin elmi katibi dosent Hikmət Quliyev iştirak ediblər.
Görülən işlər yüksək qiymətləndirib. Dövlət dilinin saflığının qorunmasında dilçi alimlərin mətbuatda və televiziyalarda çıxışları xüsusi qeyd olunub. Bildirilib ki, Böyük Qayıdış, Qərbi Azərbaycan, Dil korpusu və ekolinqvistika ilə bağlı Dilçilik İnstitutunun gördüyü işlər olduqca aktualdır.
Tədbirdə çıxış edənlər hesabatla bağlı fikirlərini bildiriblər.
Sonda Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə bu il yubileyi olan alimlər fəxri fərmanlarla təltif olunublar.