Logo

Geoloq alimlər elmi işlərinin nəticələrini təqdim ediblər

06.12.2024 23:06 122 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, iclas 2024-cü ildə əldə edilmiş mühüm elmi nəticələrə həsr olunub.

İclasa sədrlik edən müəssisənin baş direktoru akademik Akif Əlizadə bildirib ki, hər ilin sonunda GGİ alimlərinin qazandıqları mühüm elmi nəticələr açıqlanır və bu ənənə həm hesabat xarakteri daşıyır, həm də məsuliyyət hissini artırmaqla daha yeni nailiyyətlər qazanmağa stimul verir.

İnstitutun Dinamiki geologiya şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərli Azərbaycanın iqtisadi rayonlarının geoloji mühitinin mövcud vəziyyətini əks etdirən 1:200000 miqyasda topoqrafik bağlantılı geoloji, hidrogeoloji və mühəndis geoloji xəritələr komplektinin (cəmi 42 xəritə) ilk dəfə tərtib və nəşr edildiyini diqqətə çatdırıb.

Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev isə zəlzələlərin hiposentr koordinatlarının təyini və xətaların minimuma endirilməsi üçün trianqulyasiya və çevrələr üsullarının sinxron istifadəsi, eləcə də seysmik dalğaların yayılma zamanını müəyyən etmək məqsədilə müasir proqram təminatının köməyilə yaradılmış, emal edilmiş seysmoqramların analiz metodikasının işlənib-hazırlanması barədə danışıb. Qeyd edək ki, bu elmi yeniliyin icraçıları Qulam Babayev, doktorant Tural Babayev, professor Luçiano Teleska (İtaliya Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu), Zəlzələnin məkan-zaman təhlili və təhlükə beynəlxalq laboratoriyadır.

İnstitutun kiçik elmi işçisi Pərviz Məmmədovun “Abşeron neftli-qazlı rayonunun Piosen yaşlı çöküntülərinin istilik xassələri və geotermal resursların qiymətləndirilməsi” elmi işinin nəticələri də maraqla dinlənilib. İşin nəticəsi olaraq Abşeron yarımadası və bitişik ərazilərdə Piosen çöküntülərinin geotermal enerji potensialı qiymətləndirilib, resursların paylanma xəritəsi tərtib edilib, energetik tətbiqi əsaslandırılaraq iqtisadi baxımdan dəyərləndirilib.

İclasda elmi nəticələr üzrə məlumat verən hər üç alim auditoriyanın suallarını da cavablandırıb.

Xəbər lenti