Logo

AMEA-nın Kimya Elmləri Bölməsinin müəssisələri illik hesabatları təqdim ediblər

06.12.2024 23:53 112 baxış
IMG

Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan institutların, eləcə də BDU-nun Kimya və ADNSU-nun Kimya texnologiya fakültələrinin 2024-cü ildə aparılmış elmi tədqiqat işlərinə dair hesabatlar təqdim edilib.

Bu barədə Tehsil.biz-ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda 16 mühüm elmi nəticə əldə edilib. İnstitut tərəfindən quyularda və neftçıxarma borularında asfalt, qətran və parafinçökmənin qarşısının alınması məqsədilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka “Parkorin-22 A”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 10 mühüm elmi nəticə əldə edilib. Tədqiqatların nəticələri 157 məqalə (89 xaricdə) və 167 (87 xaricdə) tezis şəklində çap olunub. Habelə 29 məqalə “Web of Science” və 69 məqalə “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. İnstitut əməkdaşları tərəfindən 9 monoqrafiya, kitab və dərslik çap edilib, 6 patent alınıb (1-i beynəlxalq) və patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentliyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Elmi müəssisədə 1 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilib, 3 layihə isə qrant müsabiqələrinin qalibi olub.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 14 mühüm elmi nəticə əldə olunub. “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Həmçinin institut alimləri tərəfindən turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavənin istehsalı davam etdirilib. İl ərzində 51 elmi məqalə (o cümlədən 21 məqalə “Web of Science” və “Scopus” bazalarına, 5 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub, 15 patent alınıb, 3 kitab (2-si xaricdə) nəşr olunub.

Polimer Materialları İnstitutunda aparılan elmi-tədqiqat işləri 8 mühüm elmi nəticə ilə yekunlaşıb. Elmi-tədqiqat işlərinin nəticəsi 56 məqalədə və 5 kitabda öz əksini tapıb. Məqalələrdən 37-si xaricdə çap olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinə daxil olan kafedralarda aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 1 dərs vəsaitində, 8 patent və 451 məqalə və tezisdə öz əksini tapıb. Məqalələrdən 70-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc edilib.

Bakı Dövlət Universitetinin Kimya fakültəsində 7 mühüm elmi nəticə əldə edilib. Elmi-tədqiqat işlərinin nəticəsi 178 məqalədə öz əksini tapıb. Bu məqalələrdən 72-si “Web of Science” və “Scopus” bazalarında indekslənmiş jurnallarda çap olunub.

Xəbər lenti