Naxçıvan Dövlət Universitetində (NDU) 2024-cü ilin yekun elmi hesabatına dair tədbir keçirilib.
NDU-dan TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, əvvəlcə Elmi Kitabxanada universitet əməkdaşlarının, magistrant, doktorant və tələbələrinin 2024-cü ildə nəşr olunmuş elmi əsərlərinin sərgisinə baxış keçirilib.
Tədbiri açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 2024-cü ildə Naxçıvan Dövlət Universiteti elmi potensialının daha da gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi və müasir tədqiqat metodlarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıb. İl ərzində universitet əməkdaşlarının yüksək impakt faktorlu jurnallarda nəşr etdikləri məqalələrin sayının artması, beynəlxalq konfranslarda iştirakın genişlənməsi və gənc tədqiqatçıların fəaliyyətinin təşviqi bu istiqamətdə görülən işlərin əyani göstəricisidir. Elbrus İsayev, həmçinin təhsilin keyfiyyətinin artırılması, elmi nailiyyətlərin tədrisə inteqrasiyası və istehsalata tətbiqi elmi fəaliyyətin əsas prioritetlərdən olduğunu vurğulayıb. Rektor 2024-cü ildə həyata keçirilmiş layihələrin yalnız universitet üçün deyil, həm də regionun elmi inkişafına və dünya elminə töhfə verdiyini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov 2024-cü ildə universitetin elmi fəaliyyətinin hədəfləri və əldə olunan nəticələrə dair geniş hesabat təqdim edib. Bildirilib ki, əməkdaşların elmi fəaliyyətləri “Elmi fəaliyyətin qiymətləndirmə meyarları” əsasında təhlil olunub və qiymətləndirilib. İllər üzrə təhlillər göstərib ki, universitetdə elmi dərəcəli əməkdaşların sayı artaraq 229 nəfərə çatıb. Bunlardan 34-ü elmlər doktoru, 195-i fəlsəfə doktorudur. Ötən 5 illə müqayisədə akademik heyətdə elmi dərəcəlilərin sayında müsbət artım dinamikası müşahidə olunub. Belə ki, 2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 153 olubsa, hazırda bu say 229 nəfərdir. Ötən illə müqayisədə universitetdə əməkdaşların sayı 40 nəfər artıb, bunun 18 nəfəri elmi dərəcəlilər təşkil edir. Heyətdə elmlər doktorlarının sayı (34 nəfər) 2020-ci illə müqayisədə 15 nəfər artıb. Elmi adlı heyətin dəyişməsində də artım dinamikası müşahidə olunub. Belə ki, 2020-ci ildə elmi adlı heyət 131 nəfər (12 professor, 118 dosent), 2024-cü ildə isə 168 nəfər olub (23 professor, 145 dosent).
Universitetin akademik heyətinin gəncləşdirilməsi sahəsində aparılan işlər də öz müsbət nəticələrini verib. 2024-cü ildə universitet üzrə orta yaş 49 olub ki, bu da əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdə heyətin gəncləşməsi sahəsində aparılan işlərin düzgün qurulduğunu göstərir.
Prorektor vurğulayıb ki, 2024-cü ildə universitetdə 2400-dən çox elmi əsər nəşr edilib, “Scopus” və “Web of Science” bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. “Scopus” və “Web of Science” məqalələrinin sayı son 5 ilin ümumi göstəricilərindən çoxdur. 2020-ci ildə universitet üzrə cəmi 579 nəşr olmuşdu ki, buna görə heyət üzrə orta nəşr sayı 1,3 idi. 2024-cü ildə hər bir akademik heyətə düşən nəşr sayı 4,3 təşkil edib. 2019-2023-cü illərdə 5 ilin nəticəsinə görə “Scopus” bazasında cəmi 34 nəşr var idisə, 2024-cü ildə bu say 53 olub.
Qeyd edilib ki, elmi nəşrlərdən 30-u müvafiq olaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olub. Elmi göstəricilər üzrə universitetin “Scopus” üzrə Hirş indeksi 10-a, “Web of Science” üzrə 9-a yüksəlib. 2024-cü ildə alınmış patentlər və beynəlxalq patent müraciətləri universitetin innovasiya potensialını təsdiqləyir. Magistr və tələbələrin elmi fəaliyyətləri də diqqətəlayiq olub, müxtəlif indeksli jurnallarda məqalələri dərc edilib. 2024-cü ildə universitetdə 41 elmi tədbir keçirilib, o cümlədən 13 beynəlxalq konfrans təşkil olunub. 2020-ci ildə cəmi 13 konfrans keçirilmişdisə, 2024-cü ildə təkcə beynəlxalq konqres və simpoziumların sayı bu qədərdir.
Daha sonra 2025-ci il üçün universitetin elm sahəsində qarşıya qoyulan hədəflər təqdim edilib.
Universitetin Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Təbrizə Bağırova Tələbə Elmi Cəmiyyətinin 2024-2025-ci tədris ili üzrə hesabatı ilə çıxış edib. O, cəmiyyətin fəaliyyət istiqamətləri, strukturu, fakültələrdə TEC xətti ilə həyata keçirilən elmi-tədqiqat işlərinin nəticələri, eləcə də TEC-in təşəbbüsü ilə təşkil olunan tədbir və layihələr barədə danışıb. Bildirilib ki, TEC tələbələrin elmi potensialının artırılması, onların sosial və humanitar layihələrdə iştirakı, insani keyfiyyətlərə əsaslanan və vətənpərvər ruhda yetişməsi üçün müxtəlif fəaliyyətlər təşkil edib.
Sonra rektor Elbrus İsayev TEC xətti ilə məqalələri nəşr olunan tələbələrə sertifikat verib.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin yeni seçilən sədri Yusif Mirzəzadə kollektivə təqdim olunub.
Sonda 2024-cü ildə elmi fəaliyyətinə görə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.