Logo

Yüksək nəticə göstərən şagird və tələbələr üçün güzəştlər tətbiq edilməlidir - Ekspert

31.01.2025 15:24 50 baxış
IMG

"Vaxtilə valideynlər uşaqlarını, əsasən, yaşadıqları ərazilərə yaxın məktəblərə göndərirdilər, lakin indi vəziyyət dəyişib. Artıq valideynlər iş yerlərinə yaxın məktəblərə - liseylərə daha çox üstünlük verirlər. Dərslərin səhər saatlarında başlaması nəzərə alınarsa, ya şəxsi avtomobillərindən, ya da taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə həm yollarda, həm də məktəb ətrafında tıxacların əmələ gəlməsinə səbəb olur".

Bunu TƏHSİL.BİZ -ə nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı danışarkən şəhərsalma ilə bağlı bəzi problemləri də qeyd edib:

“Təxminən iki-üç il əvvəl şahidi olmuşam ki, Bakı şəhərində yerləşən bir məktəbin həyətinə yaxın ərazidə - avtomobil yolunun yaxınlığında çoxmərtəbəli yaşayış binası tikilib. Həmin yolla valideynlər uşaqlarını məktəbə gətirirdilər. Lakin məktəbin girişinə yaxın yerdə belə bir binanın tikilməsi şagirdlərin və müəllimlərin məktəbə rahat gəlib-getməsini ciddi şəkildə çətinləşdirib. Buna görə də hazırda məktəblərin iş saatlarının və ya ali təhsil müəssisələrinin yerinin dəyişdirilməsi məsələsi gündəmə gəlib”.

Ekspert qeyd edib ki, gələcəkdə tıxacların azaldılması məqsədilə təhsil müəssisələrində iş saatlarının dəyişdirilməsi də effektiv ola bilər. Şagirdlərin daşınması üçün ayrıca avtobusların da nəzərdə tutulması vacibdir: 

“Bu məsələ yeni deyil. Bir neçə il əvvəl Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) ilə Bakı Nəqliyyat Agentliyi arasında şifahi razılıq əldə edilmişdi ki, orta məktəblər üçün avtobuslar təşkil olunsun. Lakin bu təşəbbüs yarımçıq qaldı. İndi isə yenidən aktuallıq qazanıb və ümid edirəm ki, həll ediləcək”,- deyə əlavə edib. 

Eldəniz Cəfərov məktəb avtobuslarının təşkilini ibtidai sinif şagirdlərinin daşınması üçün daha vacib hesab edir:

“Bu, həm uşaqların təhlükəsizliyi baxımından əhəmiyyətlidir, həm də məktəblərin yerləşdiyi ərazilərdə, yollarda yaranan tıxacların qarşısını almağa kömək edəcək. Hazırda müşahidə olunan odur ki, səhər və günorta saatlarında, yəni uşaqların məhz şəxsi avtomobillər və ya taksi vasitəsilə məktəbə gətirilib aparıldığı müddətdə böyük tıxaclar yaranır".

Müsahibimiz əlavə edib ki, təhsil müəssisələrinin yerləşdirilməsində əsas məsələlərdən biri parklanma yerlərinin təşkil olunmasıdır. Təhsil müəssisələrinə yaxın ərazilərdə hər hansı yaşayış və qeyri-yaşayış obyektlərinin olmaması vacibdir. Həmin ərazilərdə “təhlükəsizlik adaları” yaradılmalıdır ki, məktəbə piyada, taksi, şəxsi avtomobil, avtobus və ya mikromobil vasitələrdən istifadə edərək gələn insanlar üçün şərait yaradılsın və onların sərbəst hərəkəti təmin edilsin.

Bundan əlavə, o xatırladıb ki, şagird və tələbələrin ictimai nəqliyyatdan istifadəsini artırmaq üçün vaxtilə mövcud olan güzəştli bilet və talon sistemi yenidən tətbiq edilməlidir. Bu yanaşma onların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırar. Xüsusilə yüksək nəticələr əldə edən şagird və tələbələr üçün belə güzəştlərin təqdim edilməsi çox məqsədəuyğun olardı.

“Təhsil müəssisələrinin ətrafında piyada yolları, piyada zolaqları və eyni zamanda, parklanma yerləri təşkil etmək lazımdır. Bu parklanma yerləri sırf məktəbdə təhsil alan şagirdlər və məktəbdə çalışanlar üçün nəzərdə tutulmalıdır”. 

Bu mövzuda beynəlxalq təcrübəyə də toxunan Eldəniz Cəfərov bildirib ki, Rusiyada yalnız paytaxt və iri şəhərlərdə deyil, hətta bölgələrdə də ibtidai sinif şagirdlərinin daşınması üçün xüsusi servis mövcuddur və bu xidmət dövlət tərəfindən subsidiya edilir, maliyyələşdirilir: “Bu təcrübədə fərqli yanaşmalar var. Məsələn, bəzi ölkələrdə məktəb avtobuslarının parkı Təhsil Nazirliyinin, bəzi ölkələrdə isə nəqliyyat qurumlarının balansına daxildir. Həmin qurumlar məktəbləri avtobuslarla təmin edir, eyni zamanda, onların texniki xidmətlərini həyata keçirir. Hansı qurumun balansında olmasından asılı olmayaraq, əsas məsələ odur ki, bu xidmət təhlükəsiz və keyfiyyətli şəkildə həyata keçirilsin”.

Xəbər lenti