Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində İnşaat fakültəsinin yeni Təlim-Tədris Mərkəzində “Söküntü materiallarının təkrar istifadəsi və yol yapışdırıcılarının tətbiqinin səmərəliliyi” mövzusunda elmi seminar keçirilib.
AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Materialşünaslıq kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda “HOLCİM Azərbaycan” şirkətinin Beton laboratoriyasının müdiri, yol infrastrukturu üzrə tanınmış ekspert İlqar Abdullayev çıxış edib.
Seminarda söküntü materiallarının təkrar emalı, yol inşaatında istifadə olunan innovativ yapışdırıcı materiallar, onların tətbiq sahələri və səmərəliliyi məsələləri müzakirə olunub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində tətbiq edilən yeni texnologiyalar və materiallar haqqında geniş məlumat verilib. Tədbir canlı müzakirə və diskussiya şəraitində davam etdirilib.
Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə çıxış edərək seminar iştirakçılarına və “HOLCİM Azərbaycan” şirkətinə təşəkkürünü bildirib.
Qeyd edilib ki, AzMİU-nun özəl sektorla əməkdaşlığı çərçivəsində keçirilən bu cür tədbirlər universitetin inşaat mühəndisliyi sahəsində müasir yanaşmaların tətbiqinə verdiyi töhfənin bariz nümunəsidir. “HOLCİM Azərbaycan” kimi nüfuzlu şirkətlərlə birgə seminarların təşkili, universitetin elmi potensialının sənaye ilə sintezini gücləndirərək ölkənin inşaat sektorunun inkişafına xidmət edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir. Bu cür əməkdaşlıqlar məzunların peşəkar bilik və bacarıqlarını gücləndirməklə yanaşı, onların əmək bazarının tələblərinə uyğun hazırlığını daha da yüksəldir.
Seminarda AzMİU-nun elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev iştirak ediblər.
Qeyd edək ki, bu il AzMİU-nun 50, İnşaat fakültəsinin isə yaranmasının 105 ili tamam olur. İnşaat fakültəsi AzMİU-nun akademik və elmi ənənələrinin formalaşmasında əsas sütunlardan biri olub. Məhz bu fakültə Azərbaycan inşaat sahəsində ixtisaslaşmış ali təhsilin və mühəndis kadrlarının yetişdirilməsində ilkin baza rolunu oynayıb. Fakültə yarandığı gündən ölkənin şəhərsalma və infrastruktur layihələrində əsaslı rol oynayan minlərlə peşəkar mühəndis yetişdirib.