Logo

Rustavi Təhsil və Mədəniyyət Mərkəzi soydaşlarımız üçün yeni layihənin icrasına başlayıb

04.02.2025 15:53 70 baxış
IMG

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin (RTMM) təşəbbüsü ilə ilk dəfə məktəbəqədər hazırlıq kursları təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, kurslarda dərslər bazar günləri keçiriləcək. Fevralın 2-də məktəbəqədər hazırlıq kursunda Azərbaycan dilindən ilk dərs günü keçirilib. Rustavi şəhərində Azərbaycan dilində uşaq bağçaları olmadığı üçün bu missiyanı RTMM öz üzərinə götürüb. Balaca uşaqlar ilk dərs günündə çox böyük həvəslə iştirak ediblər. Valideynlər belə bir kursun açılmasını yüksək qiymətləndiriblər.

Mərkəzin rəhbəri Raida Dərziyeva bildirib: “Məktəbəqədər uşaqlar üçün hazırlıq kursunun açılması barədə elan verdikdə valideynlər uşaqlarını qeydiyyatdan keçirərək həvəslə bizim təşəbbüsə qoşuldular. Əvvəl 10 uşaq qəbul etsək də, indi onların sayı 20-yə çatıb. Şəhərdə valideynlər uşaqlarını gürcüdilli uşaq bağçalarına aparırlar. Onlar həftənin beş gününü bu uşaq bağçalarında keçirdikləri üçün biz də Azərbaycan dilində dərslərin bazar günləri keçirilməsinə qərar verdik. Lakin mərkəz balacalar üçün kitabların alınmasında çətinlik çəkir. Lazımi dərs vəsaitlərini mərkəz daxili imkanları hesabına Bakıdan gətirir”.

Kursun əsas məqsədi uşaqlara Azərbaycan dilini sevdirmək və onları Azərbaycan şöbəsinə hazırlamaqdır.

Qeyd edək ki, dərslər həftədə bir dəfə bazar günləri keçiriləcək. Kursun ilk günündə mərkəz uşaqlara dərs ləvazimatları hədiyyə edib.

Xəbər lenti