Logo

Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub

05.02.2025 18:15 90 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov akademik Yusif Məmmədovun zəngin elmi irsi və şəxsi keyfiyyətlərindən söz açıb. Qeyd edilib ki, Yusif Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

Alim 1971-1993-cü illərdə BDU-nun Riyazi-fizika tənlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri olub. Hazırda Riyaziyyat və Mexanika İnstitutunda Diferensial tənliklər şöbəsinin müdiridir.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov alimin elmi və pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, Y.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. O, adi diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq, normallıq şərtlərini tapıb, məxsusi ədədlərin paylanması, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verib. Bundan başqa, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə edilib. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olub.

Digər çıxış edənlər də alimin gənclərin elmə cəlb olunmasında, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən söz açıblar.

Sonda akademik Yusif Məmmədov ona göstərdiyi diqqətə görə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xəbər lenti