Logo

Baş direktor: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi işçilərdən 70 nəfəri qadındır

11.02.2025 10:34 92 baxış
IMG

Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi fəaliyyətin inkişafında qadın alimlərin rolu getdikcə artır. Hazırda institutda təxminən 85 elmi işçi çalışır ki, onların da 70 nəfərini qadınlar təşkil edir. İnstitutun rəhbərliyi və mühüm vəzifələrdə çalışan mütəxəssislər arasında qadınların üstünlük təşkil etməsi bu sahədə onların elmə verdiyi töhfələrin artdığını göstərir.

Bu barədə TƏHSİL.BİZ -ə müsahibəsində AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova söyləyib.

Baş direktorun sözlərinə görə, institutun elmi katibi, iki laboratoriya müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri və digər bir çox aparıcı vəzifələrdə çalışan mütəxəssislər də qadınlardır: “Qadın alimlər yalnız institut daxilində deyil, beynəlxalq elmi arenada da fəal iştirak edirlər. İnstitutun üç gənc alimi Gənclər üçün Prezident mükafatına layiq görülüb ki, onların da hər üçü qadındır. Artıq həmin mükafatçılardan biri Oksford Universitetində elmi fəaliyyətini davam etdirir. Bundan əlavə, institutun Təhsil şöbəsinin müdiri, Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri qadınlardır. Son illərdə institutda qadınların elmi fəaliyyətdə iştirakının artması müşahidə olunur və bu tendensiya elmi nailiyyətlərin inkişafına mühüm töhfə verir”.

“Qadın alimlərin elm tarixində, o cümlədən Azərbaycanın elmi inkişafında mühüm rol oynadığı məlumdur. Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda da bu ənənə uğurla davam etdirilir. Qadınların öz potensiallarını tam şəkildə reallaşdırmaları üçün bütün lazımi şərait yaradılıb. Elm və təhsildə qadınların fəallığının artırılması cəmiyyətin inkişafına böyük töhfə verir”, - deyə akademik İradə Hüseynova əlavə edib.

Xəbər lenti