Martın 3-də Elm və Təhsil Nazirliyinin İctimai Şura üzvləri ilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonalar Agentliyinin Peşə Tədris Mərkəzinin İctimai Şura üzvləri arasında görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, əvvəlcə Peşə Tədris Mərkəzinin rəhbəri Kənan Bağırov qonaqlara mərkəzdə görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra iştirakçılar mərkəzin fəaliyyəti ilə tanış olublar. Görüş zamanı peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, dövlət və özəl sektorun bu prosesdəki rolu və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Peşə Tədris Mərkəzində tətbiq edilən yeniliklər, tələbələrin praktik biliklərinin artırılması və işəgötürənlərlə əlaqələrin gücləndirilməsi kimi vacib məsələlərə toxunulub.
İctimai Şura üzvləri mövcud çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi apararaq müxtəlif təkliflər irəli sürüblər. Müzakirələrdə peşə təhsilinin cəlbediciliyinin artırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və regionlarda peşə təhsilinə marağın artırılması məsələləri də gündəmə gətirilib.
Görüş qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıqla yekunlaşıb.