Logo

Akademik Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” kitabı çapdan çıxıb

18.03.2025 12:36 91 baxış
IMG

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri akademik Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” kitabı çapdan çıxıb.

TƏHSİL.BİZ  xəbər verir ki, əsərin elmi redaktoru Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir. Kitabın rəyçiləri texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Aydın Qafarov, Daşkənd Dövlət Nəqliyyat Universitetindən texnika elmləri doktoru, professor Ümidə Ziyaməhəmmədovadır.

Kitabda mühəndislik təfəkkürünün qədim zamanlardan bu günə qədər tarixi inkişaf mərhələləri kimi mürəkkəb məsələ haqqında qısa, sadə və maraqlı xülasə təqdim edilir. Mühəndislik təfəkkürünün inkişafı prosesində fizika və mexanika fənlərinin yeri və rolunun izahına diqqət yetirilir. Orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşmasında mühəndislik təfəkkürünün az öyrənilmiş mərhələləri təqdim edilir, bu təfəkkürün bütövlükdə dünya mədəniyyətinin yüksəlişi üçün əhəmiyyəti göstərilir. Traktatda Kainatı maraqlı edən məhz müasir informasiya texnologiyaları olduğu göstərilir və gələcəyə süni intellekt mövqeyindən baxılması üçün imkan yaradılır. Müəllifin məqsədlərini daha yaxşı başa düşmək üçün əlavədə xeyli sayda misal və məsələlərin izahlı həlli verilib. Kitab mexanika və fizika sahəsində biliklərini genişləndirmək istəyən və mühəndisliyə maraq göstərənlər, eləcə də texniki universitetlərin bakalavriat və magistrantları üçün nəzərdə tutulub. Bu vəsait mexanika mühəndisi ixtisası üzrə “İxtisasa giriş” fənninə aid mühazirələr oxuyarkən, eləcə də elmin və texnikanın tarixi ilə maraqlanan hər kəs üçün faydalı ola bilər.

Kitab proloq, 7 fəsil, epiloq və əlavədən ibarətdir. Kitabın fəsilləri “Mühəndislik təfəkkürünün yaranmasınını qısa tarixi”, “Orta əsrlərdə Şərqdə və Avropada mexanika”, “Neft sənayesinin formalaşmasında mühəndislik təfəkkürü (XIX-XX əsrlər)”, “Aerokosmik texnikanın yaranma və inkişaf tarixi”, “Mühəndislik və tribologiya elminin inkişafının qızıl dövrü”, “Şüur - Beyin və süni intellekt”, “İnformasiya texnologiyaları müasir insanın həyat tərzidir” mövzularını əhatə edir. Kitabın əlavə bölməsində fiziki və mexaniki kəmiyyətlərin ölçüləri verilib.

Kitaba proloq yazmış Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti akademik Boris Qusevin fikrincə, əgər XX əsrin əvvəllərində Qərbdə Anri Berqson “Yaradıcı təkamül” yaratmışdısa, XXI əsrin əvvəllərində Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni yaratmışdır.

Proloqda qeyd olunur ki, müəllif kitabı tənliklərdən, elmi termin və anlayışlardan azad etməyə çalışıb: “O, riyazi formullardan qaçıb, lakin digər tərəfdən, yeni formalaşan paradiqmanın əsasında duran prinsip və mexanizmlərin dəqiq və aydın izahlarını verməyə çalışıb. Düşünürəm ki, bu yeni paradiqmanın başa düşülməsi dünyanın dərki ilə bağlı suallara cavab axtarışını izləyən hər kəs üçün cəlbedici olacaqdır.

Müəllif deyir: “Mən yaradıram və enerji alıram – deməli, mən mövcudam”. Akademik Əhəd Canəhmədovun təklif etdiyi yeni model, yeni ideologiya belədir.

Bu baxımdan, alimin gəldiyi fəlsəfi nəticə inandırıcı şəkildə belə bir fikir formalaşdırır ki, “bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin enerjisindən və nəticələrindən güc alır”. Bu mövqedən çıxış edən alim kitabında müasir ziyalı mütəfəkkir obrazını yaratmışdır”.

Bu kitabı yazmaqda müəllifin məqsədi gələcək mühəndisləri təbiətdə baş verən proseslər və hadisələrlə bağlı yeni perspektivlərlə tanış etməkdir.

“Son 15 ildə mən bilavasitə peşəkar fəaliyyətimlə yanaşı, fəlsəfə ilə, xüsusən kosmologiya ilə məşğul olmuşam. Hesab edirəm ki, fəlsəfi tədqiqatlarım mənim həyatımda ən yüksək nailiyyətim olub. Fəlsəfə hər zaman insanın öz üzərindəki işi olub və hələ də belədir”, - deyə müəllif qeyd edir.

Kitabda əsas diqqət obyektləri bütün elmin söykəndiyi başlıca prinsiplər və ya fundamental qanunlardır. Mexanika və fizika öz təbiətinə görə, mahiyyətcə, dərin fəlsəfi elmdir.

Akademik Əhəd Canəhmədov yazır: “Mənim üçün xüsusilə çox böyük əhəmiyyət kəsb edir ki, müasir dövrdə elm və texnologiya intensiv inkişaf edir, bir-birini tamamlayır, çox qədim və maraqlı bir sənətin – mühəndisliyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsirini göstərir.

Bu kitabda mən mühəndislik düşüncələrinin inkişafının əsası kimi mexanika, fizika və tribologiyanın xarakterini və mahiyyətini müəllimlərimin əxz etdiyi kimi çatdırmağa çalışdım.

Ona görə də müəllimlərimi, professorlarımı xatırlayaraq deyirəm: Məndən çox şey tələb etdiyiniz üçün sizə təşəkkür edirəm! Ruhunuz şad olsun”.

Akademik Əhəd Canəhmədov xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 40-dan çox monoqrafiyanın, 3 elmi kəşfin, 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın Əməkdar mühəndisidir. O, “Elm cəngavəri” rütbəsinə layiq görülüb. Əsərləri ABŞ, Almaniya və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alimin xidmətləri xarici ölkələrin bir çox orden və medalları ilə qiymətləndirilib.

Kitab “Apostrof-A” nəşriyyatında çapdan çıxıb.

Xəbər lenti