Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan - doğma diyar” adlı kitab sərgisi keçirilib
Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra müstəqil Azərbaycan dövlətinin yaranma tarixi, inkişaf mərhələləri, möhtəşəm Zəfərimizin ictimai-siyasi əsasları, yeni mərhələdə suveren ölkəmizin qarşısında duran əsas hədəflər barədə videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli bildirib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın tarixində iki böyük siyasi hadisənin qeyd olunmasını gerçəkləşdirib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü qeyd olunur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əqli mülkiyyət kafedrasının müdir müavini Natiq İsayev bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə həyatımızın bütün sahələrində olduğu kimi, əqli mülkiyyət daşıyıcılarının, mədəni yaradıcı sənayenin inkişafı ilə məşğul olanların fəaliyyətində də yeni imkanlar açır.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin direktoru Lalə Məmmədova, həmin məktəbin müəllimi Günay Kərimova, Milli Müdafiə Universiteti Heydər Əliyev adına Hərbi İnstitutunun müəllimi Ayşən Baxışova, şəhid baş leytenant Vüqar Şıxıyevin qızı Nərmin Şıxıyeva, AzMİU-nun dizayn və texniki estetika ixtisası üzrə magistrantı Cavidan Muradov və başqaları çıxış edərək bildiriblər ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və suverenliyin tam bərpa edilməsi tariximizdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq.
Daha sonra kitabxananın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova sərgidə nümayiş etdirilən 264 adda kitab, eləcə də elm və texnikanın müxtəlif sahələri üzrə 28 jurnal barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. “Index Copernicus” və “Scopus” beynəlxalq bazalarında indeksləşən jurnallar iştirakçılarda böyük maraq doğurub.
İki gün davam edən sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Müdafiə Universiteti Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Odlar Yurdu” Universitetinin tələbə və müəllimləri iştirak ediblər.