Logo

“Qlobal ingilis dilinin tarixinə giriş” kitabı çapdan çıxıb

18.03.2025 12:40 89 baxış
IMG

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın magistratura səviyyəsi üçün seçmə fənn kimi nəzərdə tutulan “An Introduction to the History of Global English” – “Qlobal ingilis dilinin tarixinə giriş” kursu adlı kitabı çapdan çıxıb.

Monoqrafiyanın rəyçiləri Rusiya Federasiyası EA Tarix İnstitutunun və İnsan Hüquqları İnstitutunun fəxri doktoru, professor Oleq Kuznetsov, Belqrad Universitetinin Filologiya fakültəsinin professoru Ema Petroviç-Milkoviç, Azərbaycanın Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir.

Bu barədə TƏHSİL.BİZ -ə professor Nigar Vəliyeva məlumat verib.

“Qlobal ingilis dilinin tarixinə giriş” linqvistik tədqiqatlar üçün aktual və çox faydalıdır, çünki mədəniyyətlərarası dialoqda işlənən ingilis dili - qlobal və əsas beynəlxalq dildir.

Kitab ingilis dilinin mənşəyinə və inkişafına, onun keçmişdəki ən erkən başlanğıclarından yaranan qədim ingilis və ya anqlo-sakson, orta ingilis, erkən müasir ingilis və bütün postmodern dünyada istifadə edilən müasir ingilis dilinin inkişaf tədqiqinə həsr olunub.

Kurs ingilis dili tarixinin hər bir dövründə orfoqrafiya, qrammatika və lüğət daxil olmaqla, dilin müxtəlif səviyyələrində mühüm dəyişikliklərin icmalını təqdim edir. Linqvistik dəyişikliklər Norman fəthi və ya Uilyam Kekstoun tərəfindən İngiltərəyə çapın tətbiqi kimi tarixi və mədəni hadisələrlə birlikdə təsnif olunur.

“Qlobal ingilis dilinin tarixinə giriş”də ingilis dilinin təxminən 450-ci illərdə Britaniyada yarandığı andan bu günə qədər linqvistik, sosial və mədəni inkişafının xronoloji təhlili verilib, yəni linqvistik təhlil metodu əsasında ingilis dilinin tarixi, mənşəyi, inkişafı və gələcəyinin linqvistik mövzusu təqdim edilib.

Müasir qlobal ingilis dilinin tarixinə giriş kursu hər bir dövrün əsas, ən təsirli və maraqlı hadisələrinə, məsələn, anqlo-saksonların latın qrafikasını qəbul etməsini, Norman fəthindən sonra İngiltərədə çoxdillilik, Böyük Sait dəyişikliyi, erkən müasir ingilis dilini standartlaşdırmaq səyləri və ingilis dilinin beynəlxalq və elektron media dili kimi inkişafına diqqət yetirmək məqsədi daşıyır.

“Qlobal ingilis dilinin tarixinə giriş” ingilis dilinin inkişafına müasir sosiolinqvistik yanaşmaların səviyyəli və müvafiq sintezini təmin edir.

Mədəniyyətlərarası ünsiyyətdə qlobal ingilis dili tarixinin müasir tədrisi bu gün aktuallıq kəsb edir və bu material qlobal ingilis dilinin tarixi inkişafının dərindən öyrənilməsinə dair mühazirələr toplusudur.

Monoqrafiya ingilis dili müəllimləri, dilçi alimlər, doktorant-dissertantlar, tələbələr, həmçinin dil tarixi, leksikologiya, üslubiyyat, sosial linqvistika, məntiq, region ədəbiyyatı ilə məşğul olan mütəxəssislər üçün mükəmməl vəsaitdir. Eyni zamanda, kitab qloballaşma prosesində çoxmədəniyyətli kommunikasiyanın və onun milli dilə, milli mədəniyyətə, milli şüura təsiri ilə maraqlananlar üçün nəzərdə tutulur.

Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin, 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 260-dan çox elmi işin, 23 monoqrafiyanın müəllifidir. Onun elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, Rumıniya, Serbiya, Fransa, Kanada və digər ölkələrdə, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq elmi jurnallarında çap olunub.

Xəbər lenti