Naxçıvan Dövlət Universiteti (NDU) əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında sıralamada öndədir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu universitetin rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.
Rektor qeyd edib ki, NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Hazırda universitetdə bakalavriat, magistratura, rezidentura və doktorantura daxil olmaqla, 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var. Universitetdə Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar da var.
E.İsayev qeyd edib ki, 2024-cü il NDU tarixində 2 198 tələbənin təhsilini bitirməsi ilə ali təhsil ocağının ən çox məzun verdiyi il olub:
“Həmçinin 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin ölkə üzrə keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarında NDU-nun məzunları ən yüksək nəticəni göstərib universiteti lider ali məktəbə çeviriblər”.