Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, şənlik Naxçıvan Musiqi Kollecinin “Nağara ansamblı”nın “Azərbaycan ritmləri” kompozisiyası ilə başlanıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Novruzun xalqımızın qədim adət-ənənələrini özündə birləşdirən müqəddəs bir bayram olduğunu vurğulayıb. Bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Novruzun birlik, qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Son illərdə ölkəmizdə bayramların yüksək əhvali-ruhiyyə ilə qeyd olunması həm də Azərbaycanın qazandığı şanlı Qələbə, ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır”, - deyən rektor bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi milli həmrəyliyimizi daha da gücləndirərək dövlətimizin hüquqi bazasının möhkəmlənməsinə töhfə verəcək. Rektor Naxçıvan Dövlət Universitetinin uğurlarından və qarşıya qoyulan hədəflərdən bəhs edərək kollektivi və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Sonra Novruz tonqalı alovlandırılıb və hər kəs tonqal ətrafında dövrə vuraraq “Tənzərə yallısı” ilə rəqs edib.
Şənlik çoxsaylı rəngarəng və ənənəvi Novruz təqdimatları ilə diqqət çəkib. Belə ki, “Xan bəzəmə mərasimi” və Pedaqoji fakültənin “Milli güləş” səhnəsi nümayiş etdirilib. Xalq çalğı alətləri kafedrasının “Gənclik İnstrumental Ansamblı”nın, Prezident mükafatçısı Samir İsmayılovun, eləcə də Naxçıvan Musiqi Kollecinin Saz qrupunun ifaları alqışlarla qarşılanıb. Kosa və Keçəl oyunu, Naxçıvan Musiqi Kollecinin Rəqs qrupu və “Tələbə Teatr Studiyasının Yallı və Rəqs Ansamblı”nın təqdimatları xoş ab-hava yaradıb. Bundan əlavə, Texniki Kollecin “Ənzəli oyunu” və Tibb kollecinin “Ağbaba yallısı” xalq mədəniyyətinin gözəl nümunələrini əks etdirib. Açılan Novruz sərgisi isə milli şirniyyatlar, toxuma nümunələri və Novruz ornamentlərini əks etdirən əsərlərlə bayramın mədəni zənginliyini özündə ehtiva edib.