Logo

Azərbaycan və Türkiyə arasında peşə təhsili əməkdaşlığı davam edir

09.10.2025 10:35 45 baxış
IMG

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyində Türkiyənin Bursa vilayətindən gəlmiş təhsil nümayəndə heyəti ilə görüş baş tutub.

Bu barədə TƏHSİL.BİZ -ə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat verib.

Görüşdə direktor səlahiyyətlərini icra edən, direktor müavini Simnar Mamedov başda olmaqla Agentliyin nümayəndələri və Bursa Osmangazi İlçə Milli Təhsil Müdiri Metin Sezer, Bursa Nilüfər İlçə Milli Təhsil Müdiri Abdullah Şahin, Bursa Avtomobil Sənayesi İxracatçıları Birliyi Peşə Məktəbinin direktor müavini Mehmet Öztürk, həmçinin Mükəmməllik Mərkəzinin baş koordinatoru Erden Oğuz iştirak ediblər.

Görüş zamanı peşə təhsili sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkənin peşə təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, həmçinin tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Bursa Avtomobil Sənayesi İxracatçıları Birliyi Peşə və Texniki Anadolu Liseyi arasında Qardaşlıq Protokolları imzalanıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”u imzalanıb. Sözügedən sənədin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq.

 

 

 

 


 

Xəbər lenti