Oktyabr ayından etibarən “Peerstack Academy”də 3-cü kohort üzrə tədris proqramına start verilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədrisin ilk günündə tələbələr arasında tanışlıq keçirilib, yeni kohort iştirakçıları “Peer-to-Peer” metodologiyası və “Project-based learning” (layihə əsaslı öyrənmə) yanaşması haqqında ətraflı məlumat əldə ediblər. Bu metodologiyalar sayəsində tələbələr həm praktiki bacarıqlarını inkişaf etdirir, həm də komanda daxilində bilik mübadiləsi aparmaq imkanı qazanırlar.
Akademiya proqramlaşdırma sahəsində peşəkar karyera qurmaq istəyən gənclərə 100%-dək təqaüd imkanı, bütün tələbələr üçün kompüter təminatı, xarici təcrübəyə əsaslanan “Full-Stack”, “Front-End” və “Back-End” proqramlaşdırma tədrisi təqdim edir. Proqram çərçivəsində tələbələr əldə etdikləri bilik və bacarıqları gələcəkdə yerli və xarici şirkətlərdə iş imkanlarına çevirmək şansı qazanırlar.
Qeyd edək ki, “Peerstack Academy” layihəsi “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onları əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərə çevirməkdir.
“Peerstack Academy” üçün qeydiyyat ilboyu açıqdır. Proqramlaşdırma sahəsində gələcəyini qurmaq istəyən hər bir gənc istənilən vaxt müraciət edə bilər. Qeydiyyat üçün link: https://peerstack.tech/apply