Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova mövzu ilə bağlı məruzə edib.
Məruzəçi əvvəlcə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranma tarixi, formalaşma dövrü, müasir durumu, kadr potensialı, maddi-texniki bazası, perspektivləri və hədəfləri barədə məlumat verib. Bildirib ki, ölkə miqyasında uşaq kitabxanaları üzrə metodiki mərkəz funksiyasını icra edən Respublika Uşaq Kitabxanasının əsas oxucuları azyaşlılar, yeniyetmələr, kollec və lisey tələbələri, gənclər və valideynlərdir. Uşaq və gənclərdə mütaliə mədəniyyətinin formalaşması, onların elektron informasiya resurslarından səmərəli istifadəsi üçün innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdıran natiq bu kateqoriyadan olan oxuculara peşəkar kitabxana-informasiya xidmətinin göstərilməsinin kitabxanaçıdan xüsusi yanaşma, həssaslıq tələb etdiyini, burada psixoloji, pedaqoji incəliklərin nəzərə alınmalı olduğunu vurğulayıb, ümumilikdə prosesin spesifik cəhətlərini şərh edib.
Mühazirədə Respublika Uşaq Kitabxanasında aparılan rəqəmsallaşdırma prosesləri, tətbiq olunan proqramlar, kitabxananın informasiya resurslarının strukturu, fondu, oxucu sayı barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, kitabxanada ardıcıl olaraq daxil olan resursların elektron kataloqunun yaradılması, kitabxana fondunun elektron bazasının redaktəsi həyata keçirilir, oxucu sorğularına əsasən tələb olunan kitabların elektron mətnləri istifadəçilərə təqdim olunur. Məruzəçi kitabxananın sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət göstərdiyini də bildirib.
Şəhla Qəmbərova Respublika Uşaq Kitabxanasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin xeyli məzununun çalışdığını, bu dinamikanın son illər xüsusilə artdığını vurğulayıb.
Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.