"Bir işi başlayanda axırını fikir elə", deyən atalarımız sözün əsl mənasında bizə yolgöstərən - müəllim olub.
Atalar sözü sabahı bir xətt, daha doğrusu düz xətt üzrə istiqamətləndirən kompasdır. Bu mənada müəllim və ata sözü həyat kitabımızın müəyyən şəxsli cümləsinə çevrilib, baş üzvü olub, başda olub. Ataların - müəllimlərin sözləri cümlədə bitmiş fikri sadələşdirib. Cəmiyyətdə - səmimiyyət, saflıq, sadəlik triadasını formalaşdırıb.
Azərbaycanın Güneyi də, Quzeyi də müəllim adına ehtiramla yanaşıb, müəllim sözünü uca tutub, bu adı sözü, əməli, əməyi ilə qiymətləndirib.
20 yaşında Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazır. 19 yaşında Asəf Zeynallı "Ölkəm" romansını bəstələyir. Yaşlarının azlığına baxmayaraq hər iki Vətən övladı əməli və əməyi ilə xalqa əsl müəllimlik nümunəsidir.
Yuxarıda adını çəkdiyim şeirin son iki bəndində yazılır:
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
Bu söz ölkəmin ziyalı insanlarının, işıqlı adamlarının sözüdür. Bu söz müəllim sözüdür.
Güneyimizdə sözün güneyinə yığılıb insanlar. Quzeyimiz də sözün qüzatları ilə müdam bol olub.
Qüzəh mələkləri müəllim sözünün önündən buludları çəkib, söz mələyinə yol açıb. Quzeyimiz Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sultanməcid Qənizadə, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyev və sadalanacaq yüzlərlə, minlərlə müəllim yetirib.
Qorqud ata da müəllim olub. Sözü də "Kitabi-Dədə Qorqud" dastanı. Əsrlərin söz yadigarı olan dastanın zəngin leksikasında kənd məfhumu olduqca qiymətlidir.
Əbəs yerə deyildi ki, yuxarıda adları çəkilən söz, sənət adamlarını böyük dünyamıza kiçik kəndlər bəxş edib.
O kəndlər ki, Vətən savaşında mübarək qədəmli Azərbaycan Ordusu yağı düşməndən son damla qanına kimi vuruşaraq azad etdi.
O kəndlər ki, haqq müharibəsində Ali Baş Komandan İlham Əliyev bir-bir adlarını sadaladı.
O kəndlər ki, xalqın varlıq, bütövlük döyüşündə həmin müqəddəs yerlərdə Azərbaycanın üçrəngli bayrağı sancıldı.
Azərbaycan kənd-kənd böyüdü - şəhərləşdi, gözəlləşdi. Hərbi yolla halal-hümmət torpaqlarımıza döndük.
Siyasi yolla "Ağdam, Laçın, Kəlbəcər, bizimdir, Qarabağ Azərbaycandır! " dedik. Bu sevinci bizə yaşadan Ordumuza şükürlər etdik: şəhidlərimizə rəhmət oxuduq, qazilərimizə sağlıq dilədik.
Müqəddəs qələbənin memarı Prezindent İlham Əliyev tarixi günün sevincini xalqla "Twitter" hesabında bölüşdü: "Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın".
2020-ci il 20 noyabr – Ağdamın azad olunduğu şanlı tarix. Nicatverici siyasətin şanlı nəticəsi olaraq qurtuluşunu qazanan Ağdam və onun kəndləri. Ağdam və onun Novruzlusu... Ağdam və onun ziyalıları, müəllimləri...
Artıq müəllimin gözündə nicat uman ifadə, çöhrədə tutqunluq, fikirlilik yoxdur. Kiçik kəndin böyük insanları Cahangir Məmmədli, Rafiq Əliyev, Əli Əmirli, Hüseyn Kazımov kimi onlarla, yüzlərlə ziyalısı, müəllimi ağgünlü, Ağdamlı, ağbəxtlidir..
Bir vaxt auditoriyada tələbələrdən biri Ağdamın adını çəkmişdi. O zaman Cahangir Məmmədli fiziki və mənəvi uzaq düşdüyü Ağdamsızlığın həsrətinə elə dərs zamanı gözlərimiz önündə mütəəssir olmuşdu, daxili sarsıntı keçirmişdi. Ağdamın azadlığı həm də Ustad müəllimin azadlığı, rahatlığı, bütövlüyü demək idi. Real TV-nin ərsəyə gətirdiyi "80 il Ağ Damın altında" filmilə müqəddəs bildiyi torpağa fiziki və mənəvi yaxın oldu. Veriliş boyu Cahangir Məmmədli - Tanrı adamı Allahın evi qarşısında görünür. Çox keçmir ki, görüntü Novruzlu kənd orta məktəbinin fonu ilə əvəzlənir.
Yüzlərlə alim qələminin mürəkkəbi, minlərlə şəhid qanının axdığı, başı papaqlı Qarabağ ağsaqqallarının, saçı örpəkli ağbirçək analarımızın uyuduğu Vətən torpağını Cahangir Məmmədli əyilərək öpür, sanki bağrına basır, hətta bunu mina təhlükəsi olan əraziyə addımlayaraq edir. Demək ki, Cahangir Məmmədli qəlbində mikro Vətən - Novruzlu sevgisi makro Vətən - Azərbaycan sevdası qədər hədsizdir, sərhədsizdir...
Digər bir sərhədsizlik, sonsuzluq da rəqəmlərin təzahürüdür. 80 illik yubileyi ərəfəsində Cahangir Məmmədli 8 kəndin balalarına təhsil verən Novruzlu kənd orta məktəbi önündə “stand-up” edir.
Bir zamanlar adını yuxarıda qeyd etdiyim məktəbə rəhbərlik etmiş Səlim Əzimovun illər bundan öncəki müsahibəsində maraqlı bir məqam yer alır. O, təhsil ocağının yetirmələrini sevgilə, mehribanlıqla xatırlayır, böyük qürurla Cahangir Məmmədlinin ismini çəkir.
Veriliş ərzində nəcibliklə, həssaslıqla bütün Ağdamlılara - Novruzlulara öz sevgisini bildirən müəllim onu boya-başa çatdıran kəndə, təhsil verən məktəbə və müəllimlərinə təşəkkür edir. Və çıxışını şəhidlərimizə rəhmət, qazilərimizə sağlıq dilədiyimiz Vətənin müəllimi olduğunun qüruru ilə tamamlayır.
Əsgər İsmayılov