Logo

"İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir"

08.10.2022 14:53 430 baxış
IMG

Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq.

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm siyasəti həyata keçirdi. 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri talan edilmiş, qəbiristanlıqlar, tarixi, mədəni abidələr dağıdılmış, ümumilikdə rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurulmuşdur. 

44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının və Şanlı Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələrdən sonra 2020-ci ilin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə imzaladıqları bəyanata əsasən Ağdam şəhəri işğaldan azad edildi.

Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal ertməsi və xarabazara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatından tutmuş digər önəmli beynəlxalq qurumlara ünvanlanmış, dünya ictimaiyyətinin geniş dairələrində yayılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır.

Şübhəsiz ki, Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Ölkə başçısı cənab İlham Əliyevin bildirdiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı”.

İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Ağdam rayonunun elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin edilməsi üçün “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları fəaliyyətə başlamışdır. Burada yeni tikilən müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaqdır. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası rayonda yaşayacaq ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. İnşa olunan 1 nömrəli məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Bununla yanaşı Ağdama qaz xətlərinin çəkilişi layihəsidə icra olunur. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapmışdır. Ağdam rayonunun bərpası ilə bağlı aparılan bütün bu kompleks tədbirlərin həyata keçirilməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.

Ölkə başçısı cari ilin oktyabr ayının 5-də Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı qeyd etmişdir: “Beləliklə, bu, ötən müddət ərzində baş verən hadisələr idi. Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması.

Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”. 

İlk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaqdır. 

Artıq həyatımızda yeni dövr başlayıb və dövrün özünəməxsus özəllikləri var. Dünya gündəmində Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasəti, ikitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki Azərbaycan xalqının maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” sözünü Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.

Ümid Mehdiyev

ADPU-nun rektor müşaviri

Xəbər lenti