Hacıağa müəllim haqda xatirələri söyləmək mənə çox çətindir. Bizim uşaqlığımız və gəncliyimizin böyük bir kəsimi bir yerdə keçmişdir.
Uşaqlıq illərimizin keçdiyi Gülablı kəndində yaşadığımız evlər demək olar ki, qonşu idi və yaş fərqimizə baxmayaraq, günümüzün çox hissəsi bir yerdə keçirdi. Yadımdadır, anası Lumiyyə xala evdə olmayanda atasından qalma sandığı açıb orada saxlanılan dini kitablara baxırdıq. Bu kitablar formaca bizim gördüyümüz dərslik kitablarından çox fərqli, yazıları isə ərəbcə idi. Lakin orada bizim həndəsi fiqurlarımıza bənzəyən çoxlu şəkil və sxemlər var idi.
1993-cü ildə mən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə direktor təyin olunarkən birinci ağlıma gələn fikir Hacıağa müəllimi tapmaq olmuşdur. Belə ki, mən o vaxta qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda işləmişdim və orta məktəbdə iş təcrübəm yox idi. Məktəbdə pedaqoji prosesi öyrənmək üçün Hacıağa müəllim kimi bir pedaqoqa böyük ehtiyacım var idi.
Qardaşının vasitəsilə Hacıağa müəllimi tapdım və liseyə dəvət elədim. O, qısa bir zamanda bütün kollektivin sevimlisinə və məsləhət yerinə çevrildi.
Kəndimiz alınandan sonra doğma yurdumuza getmək, kəhrizimizi, Novlu kəhrizi bərpa etmək, ömrümüzü orada başa vurmaq fikrində idik. Lakin fələk imkan vermədi.
Hacıağa Yaqub oğlu Əliyev 17 may 1951-ci ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində ruhanı ailəsində anadan olmuşdur. Atası Yaqub kişi Nəcəf şəhərində ali ruhanı məktəbininin məzunu olmuş və Qarabağ mahalında Molla Yaqub kimi tanınmışdır.
1959-cu ildə Gülablı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1969-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin tələbə adını qazanmışdır. 1972-ci ildə institutu bitirib təyinatla Laçın rayon Zorkeşiş kənd orta məktəbində fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.
1973-cü ildə sovet ordusu sıralarında birillik hərbi xidmətini çəkdikdən sonra pedaqoji fəaliyyətini bir müddət Ağdam rayonunun Gülablı kənd orta məktəbində, 1975-ci ildən isə Ağdam şəhəri işğal olunana qədər 6 nömrəli məktəbdə fəaliyyətini davam etdirmişdir.
Ağdam rayonu işğala məruz qaldıqdan sonra isə müəllimlik fəaliyyətini Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində davam etdirmişdir.
Hacıağa müəllim işlədiyi kollektivlərin hamısında özünü əsl pedaqoq, vətəndaş, qayğıkeş və yaradıcı bir insan kimi göstərmiş, iş yoldaşlarının və onu əhatə edənlərin hamısının dərin hörmət və məhəbbətini qazanmışdır.
Hələ gənc yaşlarından Hacıağa müəllimin pedaqoji fəaliyyəti həmRespublikanın, həm də SSRİ-nin təhsiliidarəetmə orqanlarının diqqətini cəlb etmiş və həmin orqanlar tərəfindən müxtəlif səviyyəli təltiflərlə rəğbətləndirilmişdir.
Belə təltiflərin tam olmayan siyahısı aşağıdakı kimidir:
21 dekabr 1979-cu ildə Azərbaycan SSR Maarif Nazirliyinin Fəxri Fərmanı;
Azərbaycan SSR Maarif nazirinin 13 aprel 1983-cü il tarixli 94 nömrəli əmri ilə müəllim-metodist adına layiq görülmüşdür;
SSRİ Maarif Nazirliyinin 21 noyabr 1983-cü il tarixli 29707 nömrəli əmri ilə Fəxri Fərmanla təltif olunmuşdur. Bu zaman Hacıağa müəllimin fizika fənninin tədrisi təcrübəsinin respublikada yayılması tövsiyə edilmişdir;
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Əliyev Hacıağa Yaqub oğlu Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Fəaliyyət göstərdiyi bu illər ərzində dərs dediyi şagirdləri dəfələrlə müxtəlif səviyyəli olimpiadalarda medallara layiq görülmüş, ölkə və xarici universitetlərə qəbul imtahanlarında yüksək nəticələr göstərmişdir. Belə ki, 2018-cı ildə 6 şagirdi (1 gümüş, 5 bürünc olmaqla), 2019-cu ildə isə 4 şagirdi (1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla) Respublika Fənn Olimpiadasında medallar qazanmışdır.
Bundan başqa Hacıağa müəllimin şagirdi Ağayev Tamerlan Rizvan oğlu 2019-cu ilin mayında Fizika fənni üzrə Sinqapurda keçirilən onlayn olimpiadanın gümüş medalçısı olmuşdur.
2000-2005-ci illərdə fizika fənni üzrə Respublika Fənn Olimpiadalarının suallarının hazırlanmasında aparıcı mütəxəssis kimi iştirak etmişdir.
İxtisası üzrə proqram materiallarının hazırlanmasında da yaxından iştirak edən Hacıağa Əliyev tam orta təhsil səviyyəsində (X-XI siniflərdə) təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində tədris olunan fizika fənni üzrə dərinləşdirilmiş proqramların həmmüəlliflərindəndir. Eyni zamanda, hazırlanmış bu proqramlar əsasında dərs keçiləcək pilot məktəblərin müəllimləri üçün seminara rəhbərlik etmişdir.
İşlədiyi dövrdə bir sıra özünütəkmilləşdirmə kurslarında o cümlədən, “Gələcək üçün Təhsil”, “Təhsil portalından istifadə üzrə”, “Fəal interaktiv təlim”, “İnnovasiyalar üzrə təlim” adlı təlimlərdə iştirak etmiş və müxtəlif sertifikatlar almışdır.
Hacıağa müəllim Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində çalışdığı müddətdə liseydə fizika laboratoriyasının yaradılmasında və zənginləşdirilməsində yorulmadan çalışmış və həmin laboratoriya son on ildə metodik mərkəzə çevrilmişdir.
O, ixtisası üzrə keçirilən bir sıra tədbirlərdə də xüsusi fəallıq nümayiş etdirmişdir. Belə ki, 2015-2016-cı dərs ilində “Çoxfunksiyalı sistem adlanan qurğunun (Labdisklər) pilot məktəblərdə tətbiqi” ilə bağlı təşkil olunan müzakirələrdə yaxından iştirak etmiş, bir sıra faydalı təkliflər irəli sürmüşdür.
Allah rəhmət eləsin, övladlarının başı sağ olsun!
Tariyel TALIBOV,
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Əməkdar müəllim