Logo

"Zəngilan şəhəri yeni dirçəliş dövrünə qədəm qoyub"

20.10.2022 09:06 368 baxış
IMG

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılmış, 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır.

Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etdilər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirildi. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu işğal etdilər. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. İşğala qədər rayon kənd təsərrüfatı, əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 ildən sonra oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar.

Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. May ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.  Burada insanların yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılıb. 

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Xəbər lenti